5 may 2023 22:54
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin paytaxtı İrəvanda “Nemezis” silsilə terror əməliyyatlarına həsr olunan abidənin açılması barədə qərarı doğru saymır.
Metbuat.az xəbər verir ki, bu barədə siyasətçi “Azatutyun”a (“Azadlıq Radiosu”) müsahibəsində bildirib.
Baş nazirin sözlərinə, bu barədə qərarı hökumət yox, şəhər rəhbərliyi verib və onun həyata keçirilməsi düzgün deyil:
“Bu qərarı hökumət verməyib və demokratiyanın çatışmazlıqlarından biri odur ki, hökumət və ya hökumət başçısı heç də hər şeyə, hər kəsə nəzarət etmir. Mənim fikrimi bilmək istəyirsinizsə, o zaman hesab edirəm ki, yanlış qərar verilib və bu qərarın icrası da yanlış olub”.
Eyni zamanda hökumət başçısı bu hadisənin emosional fonda baş verdiyinə diqqət çəkib.
Xatırladaq ki, “Nemezis” Daşnaksütyun Partiyasının keçirdiyi terror aksiyasıdır. Aksiyanın məqsədi “erməni soyqırımı”nı və Bakıda 1918-ci ilin sentyabrında erməni əhalisinin guya qırğınını təşkil etmiş şəxslərdən qisas alınması olub. Əməliyyat çərçivəsində qətlə yetirilən şəxslərin arasında həm Osmanlı imperiyasının, həm də Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş rəhbərləri var olub. Əməliyyatın adı, qədim yunan intiqam ilahəsi Nemezidanın adından götürülüb.