METBUAT.AZ

Ölkə

Yeni tədris ilindən bütün şagirdləri əhatə edəcək -

19 may 2023 21:25

“Köhnə məktəbli formaları artıq tarixə qovuşdu. 2023-2024-cü tədris ilindən başlayaraq yalnız yeni məktəbli formalarından istifadə olunacaq. Elm və Təhsil Nazirliyinin bölgələr və məktəblər üzrə sifarişi əsasında artıq istehsala başlamışıq”.

Metbuat.az xəbər verir ki, bu barədə Bizim.Media-ya Bakı Tikiş Evinin (BTE) satış müdiri Etibar Əzimov məlumat verib.

Onun sözlərinə görə, ötən il yeni məktəbli formaları ilə paralel köhnə məktəbli geyimlərindən də istifadə olunurdu. Bu il isə köhnə məktəbli geyimlərindən istifadəyə imkan verilməyəcək:

“Növbəti tədris ilindən bütün şagirdlər, hətta 11-cilər yeni geyimlərlə təhsilə başlayacaqlar. Bakı şəhər Təhsil İdarəsi ilə Elm və Təhsil Nazirliyi bu işlə məşğuldurlar. Onlar istehsalçılarla iş aparıblar və hər kəsə konkret bölgənin, eləcə də məktəbin tapşırığı verilib. Köhnə məktəbli formaları istehsal etmirik və heç o geyimlərdən anbarda da qalmayıb. Yeni məktəbli geyimlərinin istehsalı ilə bağlı sifarişləri nazirlik indidən verib. Keçən il rüsvayçılıq oldu. Bizə heç kim, heç nə deməmişdi deyə problem yaranmışdı. Hesab edirəm ki, bu il belə bir çətinliyimiz olmayacaq”.

Xatırladaq ki, ötən ilin mart ayında Baş nazir Əli Əsədov “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi” haqqında qərar imzalayıb.

Qərara əsasən, dövlət ümumi təhsil müəssisəsi təhsil alanlarının geyim formalarının təsvirləri təsdiq edilib. Bu Qərar 2022/2023-cü tədris ilindən tətbiq edilir. Nazirlər Kabinetinin qərarında da bildirilib ki, ötən il istifadə olunan geyim növbəti il üçün tətbiq edilməyəcək.

Onu da bildirək ki, artıq bəzi məktəb direktorları valideynlərə indidən tapşırıq verir ki, növbəti ildən dərsə gələcək uşaqlar filan rəngli forma geyinməlidir.


metbuat.az.