18 may 2023 11:33
Bakıda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması aşkarlanıb.
Metbuat.az-ın Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən əldə etdiyi məlumata görə, polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
Dİn-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının mayın 17-də keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində 3 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.
Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.