2 may 2023 09:52
Zəngilanda 30 min ağacdan ibarət meşə massivinin bərpası, eyni zamanda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ərazidə ağacəkmə aksiyasının keçirilməsi münasibəti ilə Zəngilan rayonuna səfər təşkil olunub.
Bu barədə Metbuat.az-a Qarabağ Dirçəliş Fondundan məlumat verilib.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə baş tutan səfərdə meşənin salınmasını dəstəkləyən Fondun 20-dən artıq donor və tərəfdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk olaraq səfər iştirakçılarına Qarabağ Dirçəliş Fondunun maliyyə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilati dəstəyi ilə “EkoSfera” Sosial-Ekoloji Mərkəzi İctimai Birliyi tərəfindən meşə massivinin salınması layihəsi ilə bağlı məlumat verilib.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev qeyd edib ki, erməni işğalı nəticəsində Qarabağın tək şəhər və kəndlərinə deyil, onun ekologiyasına - meşə örtüyünə, biomüxtəlifliyinə, su ehtiyatlarına külli miqdarda ziyan vurulub. Qarabağ Dirçəliş Fondu bu problemin əhəmiyyətini və miqyasını dərk edərək işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpasını prioritet istiqamətlərindən biri kimi müəyyən edib.
Məlumat verilib ki, Qarabağ Dirçəliş Fondu və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi işğaldan azad olunmuş ərazilərdə ətraf mühitə vurulmuş zərərin aradan qaldırılması, ekoloji tarazlığın bərpası məqsədilə Anlaşma Memorandumu imzalayıblar. Memoranduma uyğun olaraq 17 dekabr 2021-ci il tarixində “Zəfərdən dirçəlişə” layihəsi çərçivəsində Zəngilanda meşə massivinin salınması layihəsinə start verilib.
Layihənin reallaşmasında donor şirkətlərin dəstəyini xüsusi qeyd edən Rəhman Hacıyevin sözlərinə görə, layihəyə uyğun olaraq Zəngilan şəhərinin girişində, 30 hektar ərazidə 30 min ağacın - əsasən yerli iqlim şəraitinə uyğun Eldar şamı, Həmişəyaşıl sərv, Göyrüş, Qlediçiya və Şərq çinarı ağaclarının əkilməsi həyata keçirilib.
Dayanıqlı meşə massivinin salınması məqsədilə ərazidə görülən bütün işlər meşəbərpa tələblərinə uyğun formada aparılıb. Enerji təminatı və suvarma sistemi qurulub, ağaclar əkilən əraziyə müntəzəm nəzarət təmin edilib.
Meşə massivinin salındığı ərazi ziyarət olunub, layihə çərçivəsində görülən işlərə əyani baxış keçirilib.
Sonra səfər iştirakçıları Zəngilan şəhərinə gedərək erməni vandallarının şəhərdə törətdikləri dağıntılarla, eləcə də burada aparılan irimiqyaslı bərpa və yenidənqurma işləri ilə tanış olublar.
Daha sonra Zəngilan Beynəlxalq Hava Limanı ilə tanış olan səfər iştirakçıları Ağalı kəndində olublar. Onlara kənddə yaradılan şəraitlə bağlı geniş məlumat verilib.
Zəngilanda meşə massivinin salınması layihəsinin yekunlaşmasından sonra Qarabağ Dirçəliş Fondu işğaldan azad olunan digər ərazilərimizdə də yaşıllaşdırma layihələrinə start verəcək.