16 iyn 2023 19:45
İyunun 14-ü ölkə ərazisindəki bütün orta məktəblərdə son zəng çalındı. Hamımız sevindik, duyğulandıq, məzunlara uğurlar arzuladıq. Son zəng günü ilə bağlı tədbirlər keçirildi, 11-cilər mahnı oxudular, rəqs etdilər. Lakin bəzən məzunların hansı musiqilərə əl qaldırıb oynadığını görmək təəssüf hissi doğurur. Ən təəccüblüsü də odur ki, onların bu rəqsi müəllim və valideynləri tərəfindən alqışlanır. Bəlkə də nəticə çıxarmaq hələ tezdir, ancaq oğru aləminə həsr olunan bir musiqiyə rəqs edən 11-cilərin gələcək həyatlarında hansısa faydalı peşəyə maraq göstərəcəklərini düşünmək ağlabatan görünmür. Ən azından bu cür marağı gərək onlara ailədə və məktəbdə aşılayasan.
Maraqlısı odur ki, ətrafdakılar da bu uşaqların rəqs üçün qeyri-sağlam mühitə aid musiqi seçiminə qarşı çıxmır. Ekspertlər hesab edirlər ki, qeyri-sağlam mühitə meyil göstərən məktəblilər ciddi nəzarətə götürülməli, həmin yeniyetmələrlə həm məktəblərdə, həm də ailədə söhbətlər aparılmalı, onlara doğru yola, sağlam düşüncəyə maraq aşılanmalıdır. Əks halda, görəcəyimiz mənzərə ürəkaçan olmaya bilər.
Metbuat.az mövzu ilə bağlı "Baku tv"nin hazırladığı sujeti təqdim edir.