METBUAT.AZ

Hadisə

2 ay əvvəl törədilərək bağlı qalan cinayətin üstü açılıb -

26 iyn 2023 17:48

Bağlı qalmış cinayətlərin açılması istiqamətində istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib.

Prokurorluq və Daxili işlər orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş kompleks tədbirlər nəticəsində Xaçmaz rayonunun Yalama kəndi ərazisində cari ilin aprel ayında törədilərək bağlı qalmış qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

Belə ki, aprelin 9-da saat 23 radələrində kənd sakinləri 1963-cü il təvəllüdlü Aslan Tarverdiyev və 1965-ci il təvəllüdlü Rumayə Tarverdiyevanın yaşadıqları evdə baş vermiş yanğından sonra meyitlərinin hadisə yerində aşkar olunması faktı üzrə Xaçmaz rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Cinayət işi üzrə hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibb, məhkəmə-genetik, məhkəmə tikinti-texniki, məhkəmə fiziki-kimyəvi və digər ekspertizalar təyin edilib, tədqiqat üçün 600 nəfərə yaxın şəxsdən zəruri nümunələr götürülüb, habelə çoxsaylı şahidlər dindirilib və digər prosessual hərəkətlər aparılıb.

İstintaqla 1996-cı il təvəllüdlü Ramin Ağaxanovun zərərçəkmiş şəxslərə olan xeyli miqdarda pul borcunu ödəməkdən yayınmaq üçün onların yaşadığı evə gələrək qəsdən öldürməsi, cinayət əməlini gizlətmək və cinayətin izlərini məhv etmək məqsədilə evi qəsdən yandırması və bundan sonra hadisə yerini tərk etməsinə əsaslı şübhələr müəyyən edilib.

Ramin Ağaxanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.



metbuat.az.