25 iyn 2023 10:04
Əmək bazarında əmək münasibətləri sahəsində işəgötürənlə işçi arasında bir sıra mühüm problemlərin mövcud olduğu heç kimə sirr deyil. Bu sahədə əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi, işçilərə uçotdan kənar əməkhaqlarının verilməsi, əməkhaqqı məbləğlərinin müvafiq sektor üzrə orta aylıq əməkhaqqı göstəricilərindən aşağı olması əmək bazarında vergi təşviqlərinin müəyyən edilməsinə zəmin yaradıb.
Metbuat.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə deyib.
O bildirib ki, bu məqsədlə 2019-cu ildən tətbiq olunan vergi təşviqləri özəl sektorda əmək müqavilələrinin sayının artması, "kölgə iqtisadiyyatı"nın səviyyəsinin azaldılması, vergi, sosial öhdəliklərdən yayınmanın qarşısının alınması ilə nəticələnir. Belə ki, vergi qanunvericiliyinə 2019-cu ildən edilmiş dəyişikliklərə əsasən, qeyri-neft və qeyri-dövlət sektorlarında çalışan şəxslərin muzdlu işdən (8000 manatadək olan hissəsi) əldə etdikləri gəlirləri 7 il müddətinə vergidən azad edilməsi, eləcə də işəgötürənlərin yükünün azaldılması məqsədilə işçinin gəlirinə nisbətdə işəgötürənin vəsaiti hesabına ödənilən sığorta haqqı 22 faizdən 15 faizə endirilməsi özəl sahədə işçi saylarının sürətlə artması ilə nəticələnib: “Göstəricilərə nəzər yetirsək, 2023-cü ilin iyunun 1-nə aktiv əmək müqavilələrinin sayı 1 milyon 767 mindən çoxdur. 2019-cu ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayı 365 mindən çox artıb. Ümumi artımın 87 faizi məhz qeyri-neft və qeyri-dövlət sektorun payına düşür. “Ağarma” nəticəsində muzdlu işçi sayında artımla paralel ölkədə əməkhaqqı fondunda da artım müşahidə olunur. Əməkhaqqı fondunun artımı həm də sosial sığorta göstəricilərinin də yüksək olmasına səbəb olur”.
DVX rəsmisi qeyd edib ki, 2022-ci ildə məcburi dövlət sosial sığorta haqlarından daxilolmalar 2018-ci illə müqayisədə 2 dəfəyə yaxın artıb. Eyni zamanda, ötən il qeyri- büdcə sektoru üzrə məcburi dövlət sosial sığorta haqlarına dair proqnoz 109,2 faiz səviyyəsində, cari ilin ötən 5 ayında isə məcburi dövlət sosial sığorta haqları üzrə müəyyən edilmiş proqnozdan 121 milyon manatdan çox vəsait toplanıb. Bununla belə, əmək bazarında hələ də işçiləri qeyri-leqal işlədən işəgötürənlər mövcuddur. Vergi orqanları tərəfindən aparılan yoxlamalar zamanı vergiödəyicisi tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində bu cür hallara birinci dəfə yol verdikdə 2 min manat, ikinci dəfə yol verdikdə 4 min manat, üç və daha çox dəfə yol verdikdə isə 6 min manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.
N.Vahabzadə, həmçinin vurğulayıb ki, cari ilin 5 ayı ərzində vergi orqanları tərəfindən keçirilmiş operativ nəzarət tədbirləri nəticəsində əmək müqaviləsiz işə cəlb olunmuş 1000-dən çox şəxs aşkar edilib. Əgər yoxlama zamanı əmək müqaviləsi bildirişi olmadan xeyli sayda, yəni 10 nəfər və ondan çox işçinin əməyə cəlb edilməsi aşkara çıxarılarsa, bu zaman işəgötürənə Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə uyğun olaraq, 7 min manatdan 10 min manatadək məbləğdə cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud da iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əgər vergiödəyicisi eyni əməlləri təkrar törədərsə, bu zaman üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma tətbiq olunur. Eyni zamanda, vergiödəyicisi bir dəfə Cinayət Məcəlləsi üzrə tələbləri pozarsa, amma işçiləri ilə əmək müqaviləsi bağlayarsa, eyni zamanda, yayındırılmış sosial sığorta haqlarını tamamilə ödəyərsə, cinayət məsuliyyətindən azad edilir.