METBUAT.AZ

Elm və Təhsil

"Ali təhsil müəssisələrində imtahanlar şəffaf keçirilir" -

22 iyn 2023 12:20

"Həyata keçirilən işlərin nəticəsini bəlkə də 10 ildən sonra görə bilirik. Misal olaraq, 10 ildir ölkənin təhsil sistemində bir çox dəyişiklik və islahatlar aparılır".

Metbuat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev V iqtisadiyyat və idarəetmə sahəsində tədqiqatçıların beynəlxalq elmi konfransında çıxışında deyib.

Nazirin sözlərinə görə, bu gün ali təhsil müəssisələrində imtahanlar şəffaf keçirilir.

"Artıq nazirlik bu məsələ ilə bağlı nəzarət mexanizmi barədə düşünmür. Çünki əksər universitetlərə inanırıq. Əvvəl Təhsil Nazirliyi "klinik iş"lə məşğul idi. Tələbənin bir universitetdən digərlərinə köçürülməsi hazırda müəyyən qaydalar əsasında baş verir. Öncəki illərdə vəziyyət başqa idi. Təbii ki, ali təhsilin mahiyyəti və mənası yalnız şəffaflıq ola bilməz", - E.Əmrullayev bildirib.

O qeyd edib ki, hökumət ali təhsil pilləsinin inkişafı ilə bağlı vacib işlər görüb və görür: "Ali təhsilin əlçatanlığı təmin edilib. Bakalavr və magistr pilləsi də daxil olmaqla hər il 60 min insan universitetə qəbul olur. Əvvəlki illərlə müqayisədə bu göstəricidə 3 dəfə artım deməkdir. Əlçatanlığa nail olmaq üçün dövlət sifarişli yerlərin sayı da hər il artırılır. Yəni, bu gün hər iki adamdan biri, bəlkə də çox insan dövlət hesabına təhsil alır. İnsanların ali təhsilə əlçatanlığı üçün tələbə krediti təsis edilib və bu gün 20 mindən artıq tələbə bundan yararlanıb. Bu say təbii ki, artacaq. İstəyimiz daha çox insanın təhsil almasının mümkün olmasıdır. Amma keyfiyyət qalmalıdır".

Nazir söyləyib ki, akkreditasiya prosesin təkmilləşdirilməsi bu sahədə atılan vacib addımlardan biridir: "Artıq 5 ali təhsil müəssisəsi akkreditasiyadan keçib. UNEC-də bu siyahıdadır. Proqram akkreditasiyasından keçməyən ali təhsil müəssisələrinə qəbulun dayandırılmasının şahidi olacağıq.

Bir universitet qismən akkreditasiyadan keçib və ona 1 il vaxt verilib. Rəqabətlilik yaratmaq əsas hədəflərdəndir. Ali təhsil müəssisələrində müəllim hazırlığa vacib məsələdir. Hazırda universitetlərin inkişafa ehtiyacı olan hissəsi bu mövzu ilə bağlıdır".


metbuat.az.