METBUAT.AZ

Ölkə

Azad edilmiş ərazilərdə sahibkarlara maliyyə yardımı ediləcək -

6 iyn 2023 15:32

İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası təsdiqlənib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Sənədə əsasən, İqtisadiyyat Nazirliyi kommunal xidmətlərdən istifadəyə görə bu Qərara uyğun olaraq maliyyə yardımı alan işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarların uçotunun aparılmasını təmin etməlidir.

Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Neft Şirkəti, “Azərenerji” və “Azərişıq” bu qərardan irəli gələn məsələləri həll etməlidirlər.

Bu Qayda işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara elektrik enerjisi və təbii qazın satışı, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə dövlət büdcəsindən maliyyə yardımının ödənilməsi ilə bağlı hüquqi və təşkilati məsələləri tənzimləyir.

Maliyyə yardımı Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi olmayan, habelə işğaldan azad edilmiş ərazilər üzrə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə maddi nemətlər yaratmağa yönəldilmiş fəaliyyəti həyata keçirən hüquqi şəxslərə və ya sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərə kommunal xidmətlərdən istifadəyə görə ölkədaxili tariflərə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi məbləğində ödənilir.

Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycanın normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.


metbuat.az.