21 iyn 2023 12:55
Avropa Şurasının İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyası (ECRI) tərəfindən 6-cı monitorinq dövrü çərçivəsində Azərbaycan üzrə növbəti hesabat hazırlanıb.
Metbuat.az xəbər verir ki, bu barədə XİN-dən bildirilib.
Qeyd edilib ki, sənəddə 2016-cı ildə tərtib olunmuş hesabatdan ötən müddət ərzində ölkəmizdə müvafiq sahələrdə müsbət irəlilləyişlərin olduğu vurğulanıb.
Hesabatda ECRI-nin Azərbaycan əhalisinin, o cümlədən çoxsaylı məcburi köçkünlərin uzun müddət davam etmiş münaqişədən və toqquşmalardan əziyyət çəkdiyini anladığı qeyd olunub.
Hesabatda inklüziv təhsil sahəsində insan hüquqları mövzularının 2020-ci ildən etibarən kurrikuluma daxil edildiyi, internet məkanında irqçi nifrət nitqinin qarşısının alınması məqsədilə qanunvericiliyə əməli dəyişikliklər olunduğu qeyd olunub. Rəsmi orqanlar tərəfindən miqrantların hüquqi statusu ilə bağlı aparılan işlər sayəsində 2021-ci ildə qeyri-leqal statusa malik şəxslərin sayında 10 % azalma müşahidə olunduğu, miqrantların dövlət xidmətlərinə çıxışının asanlaşdırıldığı, miqrantlara iş və yaşayış icazələrinin verilməsnin sürətləndirildiyi bildirilib.
Əmək miqrantlarının Azərbaycan vətəndaşları ilə bərabər sosial müdafiə hüquqlarından istifadəsinin, eləcə də qaçqınların əmək bazarına çıxış əldə etməsinin təmin olunduğu diqqətə çatdırılıb.
Sənəddə, həmçinin multikulturalizm və tolerantlığın Azərbaycan cəmiyyətinin tərkib hissəsi olduğu vurğulanıb.
ECRI-nin Ermənistan üzrə hazırladığı növbəti hesabatda isə ölkənin siyasi və ictimai həyatında vaxtaşırı olaraq nifrət nitqi ilə bağlı insidentlərin, o cümlədən zorakılığa çağırış hallarının baş verdiyi qeyd olunub. Bu xüsusda, nifrət nitqinə misal olaraq Ermənistanda daxili bölünmələrə yol açmaq və sülh danışıqlarına əngəl törətmək məqsədilə siyasi opponentlərin qaralanması üçün “azərbaycanlı” və “türk” ifadələrindən istifadə edildiyi bildirilib. Bununla yanaşı, Ermənistanda azərbaycanlı icmasının artıq mövcud olmadığı, ölkədə yaşayan və ya ziyarətə gələn türklərin isə sayının naməlum olduğu vurğulanıb.
ECRI hesabatda Avropada toqquşmalar və həll olunmamış münaqişələrlə bağlı ultramillətçi və irqçi nifrət nitqi və zorakılığın qarşısının alınması və mübarizəyə dair bəyanatın, eləcə də AŞ İnsan Hüquqları üzrə Komissarının müvafiq tövsiyələrinə əməl olunmasının əhəmiyyətini xatırladıb.
ECRI tərəfindən Ermənistan tərəfinə verilmiş 2 aralıq və 15 əsas tövsiyə arasında ölkə rəhbərliyinə cəmiyyətdə müxtəlifliyin və tolerantlığın əhəmiyyəti barədə məlumatlılığın artırılması sahəsində işin aparılması, siyasi-ictimai, dini xadimlər və nüfuzlu şəxslər vasitəsilə nifrət nitqinə qarşı güclü əks reaksiyanın verilməsi, seçkili orqanlar və siyasi partiyalar üçün müvafiq davranış qaydalarının müəyyənləşdirilməsi, habelə təhsil sahəsində islahatlar yolu ilə etnik və dini mənsubiyyətinə görə ayrı-seçkiliyin aradan qaldırılması və s. xüsusi yer tutur.