29 iyn 2023 17:00
Fransa Prezidenti Emanuel Makronun Marsel şəhərində erməni icması ilə görüşdə növbəti dəfə Azərbaycan əleyhinə səsləndirdiyi, Ermənistanı birtərəfli qaydada müdafiə edən və həqiqəti əks etdirməyən fikirləri qəbuledilməzdir.
Bu barədə Metbuat.az-a XİN-dən bildirilib.
Qeyd edilib ki, həm 44 günlük Vətən müharibəsində, həm də post-münaqişə dövründə dəfələrlə anti-Azərbaycan bəyanatları ilə yadda qalan E.Makron müharibə və müharibədən sonrakı dövrdə öz məqsədlərinə nail ola bilməyib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təzyiq göstərildiyi barədə iddiaları Fransa Prezidenti Makronun təxəyyülünün məhsuludur. Azərbaycan Respublikasının Prezidentinə təzyiq göstərmək cəhdləri heç zaman nəticə verməyib. Prezident İlham Əliyev öz fəaliyyətində Azərbaycan Respublikasının milli maraqlarını beynəlxalq hüququn norma və prinsipləri əsasında daim uğurla müdafiə edib.
Prezident Makronun açıqlaması bir daha onu göstərir ki, o, Fransanın erməni lobbisinin əlində bir alətdir. Qeyd edək ki, onun izahat verməyə çalışdığı erməni icmasının nümayəndəsi məhz o radikal şəxslərdəndir ki, ona qarşı Ermənistan tərəfindən ölkəyə giriş qadağası qoyulub.
Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi tanınması fonunda Prezident Makronun bu kimi qərəzli bəyanatları bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına mane olmaqla yanaşı, separatçılıq və terrorçuluğu təşviq edənlərin və dəstəkləyənlərin destruktiv fəaliyyətinini daha da genişləndirməsinə rəvac verir.