17 iyn 2023 19:20
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məktəbdə törədilən terror aktı ilə əlaqədar Uqandaya başsağlığı verib.
Metbuat.az xəbər verir ki, başsağlığı mətni nazirliyin sosial şəbəkə hesabında paylaşılıb.
"Uqandada məktəbdə terror hücumunu şiddətlə qınayırıq. Şagirdlərin həyatını itirməsindən dərin kədər hissi keçirir, həlak olanların ailələrinə başsağlığı verir və yaralananlara tezliklə şəfa diləyirik", - XİN-dən bildirilib.
Qeyd edək ki, iyunun 17-də Uqandada silahlı şəxslərin orta məktəblərdən birinə hücumu nəticəsində azı 25 nəfər öldürülüb.
Hüquq-mühafizə orqanları hücumu ekstremist “Demokratik güclər alyansı” qruplaşmasının həyata keçirdiyini açıqlayıb. Hadisə zamanı, həmçinin yataqxananın yandırıldığı və ərzaq mağazasının qarət edildiyi bildirilir.
Xatırladaq ki, Uqanda hakimiyyətinə müxalif olan “Demokratik qüvvələr alyansı” 1995-ci ildən ölkənin qərbində fəaliyyət göstərir. 2003-cü ildə Uqanda ordusunun zərbələri nəticəsində qruplaşma Konqo Demokratik Respublikasının qərb rayonlarına çəkilib.