METBUAT.AZ

Ölkə

Azərbaycanda adına küçə verilən Abay Kunanbayev kim idi?

8 iyn 2023 14:45

Azərbaycanda elə küçə adları var ki, bəzən elə gedəcəyimiz ünvanda ilk dəfə o adları eşidirik. Küçənin hansı səbəbdən həmin ada layiq görülməsi, həmin şəxslərin kim olması barədə isə heç bir məlumat lövhəsinə rast gəlmək olmur. Onlardan biri də 1.9 km uzunluğa malik Abay Kunanbayev küçəsidir.

Adına küçə verilən Abay Kunanbayev kimdir?

Abay Kunanbayev 1845-ci ildə Semey vilayətində, Ağasoltan ailəsində anadan olub. Əsl adı İbrahimdir. Anası isə "Abay" (diqqətli, ehtiyatlı) ləqəbini verib və o, ömrü boyu "Abay" deyə çağırılıb. İlk təhsilini mollaxanada alıb, sonra rus məktəbində davam etdirib. Atası onu dövlət orqanlarında işə düzəltmək istəsə də, onun yolu başqa olub.


Kunanbayev Qazax ədəbiyyatının banilərindən biridir. Həmçinin rus və qazax dillərinə tərcümələri ilə yadda qalıb. Yaradıcılığını müxtəlif qaynaqlara əsaslanaraq formalaşdırılıb. Abay Kunanbayev 12 yaşından şeir yazmağa başlayıb,lakin 40 yaşına qədər müəllifliyini gizlədib. Sağlığında şeirləri şifahi və əlyazması şəklində yayılıb. İlk kitabı Sankt-Peterburqda (qazax dilində) çap olunub. Abay Kunanbayev həm də istedadlı bəstəkar olub, şeirlərinə musiqi bəstələyib. Müasirləri "Əqliyyə" əsərini onun yaradıcılığının zirvəsi hesab edirlər. Yazıçı bu əsəri gənclərə ünvanlayıb. Kunanbayev 1904-cü ildə 59 yaşında vəfat edib.

Abay Kunanbayevin həyatı və yaradıcılığını Azərbaycanla bağlayan məqamlar da vardır. Belə ki, Abayın ədəbi dünyagörüşünün formalaşmasında Nizami Gəncəvinin və Məhəmməd Füzulinin əsərlərinin mühüm rolu olub. Abay XIX əsrin yetmiş-səksəninci illərində Orta Asiyada geniş yayılmış Mirzə Fətəli Axundzadənin dram əsərləri və fəlsəfi baxışlarını əks etdirən «Kəmalüddövlə məktubları» fəlsəfi traktatı ilə də tanış olmamış deyildi.

Abay Kunanbayevin əsərləri Azərbaycan dilinə tərcümə edilib və bir neçə dəfə kitab halında nəşr olunub.

2011-ci ildə Bakıda Abay Kunanbayevin şərəfinə xatirə lövhəsinin açılışı olub.


metbuat.az.