17 iyn 2023 10:49
2023-cü ilin hazırlıq planına əsasən, ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb edilməsi ilə "N" hərbi hissəsində keçirilən təlim toplanışı başa çatıb.
Metbuat.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, plana uyğun olaraq, hərbi vəzifəlilər müxtəlif çaplı atıcı silahlardan və qumbaraatanlardan praktiki atış çalışmalarını yerinə yetiriblər.
Təlim toplanışı zamanı, həmçinin hərbi vəzifəlilərlə sıra hazırlığı, rabitə hazırlığı məşğələləri keçirilib, onlara silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və düzgün istifadə qaydaları öyrədilib, eləcə də ilkin tibbi yardım göstərilərək yaralıların təxliyə edilməsi üsulları məşq etdirilib.
Qeyd edək ki, ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi, bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən təlim toplanışında qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.