12 iyn 2023 12:13
Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin yanvar-may aylarına nisbətən 113,1 % təşkil edib. Halbuki, yanvar-aprel aylarının yekununda illik inflyasiya 13,5% olmuşdu.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, istehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 115,8 %, qeyri-ərzaq məhsulları üzrə 111,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,6 % təşkil edib.
Ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 99,6 %, ötən ilin aprelayına nisbətən isə 111,5 % olub.
Cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma qarabaşaq yarmasının, çörəyin, təzə balığın, südün, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, çiyələyin, bananın, xiyarın, pomidorun, bibərin, sarımsağın, soğanın, kartofun, arağın, bahalaşma isə əsasən düyünün, mal, qoyun və toyuq ətinin, yoqurtun, xamanın, zeytun yağının, limonun, almanın, balqabağın, kələmin, yerkökünün, şəkər və şəkər tozunun, mineral suların qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2023-cü ilin may ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 %, əvvəlki ilin may ayına nisbətən 110,7 % təşkil etmişdir.
May ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından bahalaşma əsasən ayaqqabıların, soyuducuların, kondisionerlərin, velosipedlərin, dezodorantların, ucuzlaşma isə kəsilmiş taxtaların, kərpiсin, mobil telefonların və noutbukların qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2023-cü ilin may ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 %, əvvəlki ilin may ayına nisbətən 110,5 % təşkil etmişdir. May ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən mənzillərin icarə haqlarında, paltarların, məişət cihazlarının, mənzillərin təmiri, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.