METBUAT.AZ

Sosial

Azərbaycanın baş baytarı qurbanlıq heyvanın yaşı ilə bağlı əhaliyə

23 iyn 2023 12:04

“Qurban bayramında 7 aylıqdan daha yuxarı yaşda olan xırdabuynuzlu heyvanların kəsiminin həyata keçirilməsini tövsiyə edirik”.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Qurban bayramı günlərində heyvan kəsimi və satışı fəaliyyətlərinə həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, bu yaşda heyvanların ətinin zülal tərkibi insan qidası üçün daha əhəmiyyətlidir:

"Kiçik yaşda olan heyvanların ətində çoxlu sayda natamam kimyəvi tərkibli maddələr olur ki, bu da qidalanma üçün o qədər də yüksək əhəmiyyət kəsb etmir. İqtisadi səmərəlilik baxımından isə kiçik yaşlı heyvanların kəsilərək təsərrüfatdan çıxarılması ilbəil məhsuldar heyvanların sayının azalmasına səbəb olur. Heyvanlar 7 aylıqdan kiçik yaşda kəsildikdə, onlar formalaşmış gündəlik çəki artımı potensialından istifadə olunmadan təsərrüfatdan çıxarılır ki, bu da məhsul istehsalının azalması ilə nəticələnir. Sonda isə daimi olaraq idxaldan asılılığa və ixrac potensialının zəifləməsinə gətirib çıxarır".

Respublikanın baş dövlət baytarlıq müfəttişi kəsimdə daha çox erkək heyvanlardan istifadə edilməsinin məqsəduyğun olduğunu nəzərə çatdırıb.

Q.Əbdüləliyev qeyd edib ki, dişi heyvanların kəsimdə istifadə edilməsi sürünün damazlıq potensialının mütəmadi olaraq zəifləməsinə, yekunda isə ölkədə qoyunçuluğun inkişafının ləngiməsinə səbəb olur.


metbuat.az.