7 iyn 2023 14:37
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu haqqında Əsasnaməyə dəyişiklik edilib.
Metbuat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Fərmana əsasən, karantin və başqa yoluxucu, xüsusilə tropik, QİÇS və bəzi digər yoluxucu xəstəliklərin əvvəllər bu xəstəliklərdən azad olan ərazilərdə meydana çıxdığı zaman Azərbaycanın ştatdankənar (fəxri) konsulu xəstəliyin yayıldığı rayonu, yoluxma hallarının sayını və yerli hakimiyyət orqanları tərəfindən epidemiyaya qarşı görülən tədbirləri göstərməklə, Azərbaycanın qəbul edən dövlətdəki diplomatik nümayəndəliyinə və ya konsulluğuna, və ya bilavasitə Xarici İşlər Nazirliyi ilə yanaşı, Səhiyyə Nazirliyinə və Qida Təhlükəsizliyi Agentliyinə dərhal bu barədə məlumat verəcək.
Bundan başqa, kənd təsərrüfatı bitkilərinə aid təhlükəli xəstəliklər və ziyanvericilər meydana çıxdığı zaman, habelə mal-qara və quşların kütləvi xəstələndikləri hallarda, yaxud insan və heyvanlar üçün ümumi olan xəstəliklərin yayılmaq təhlükəsi yarandıqda, Azərbaycanın ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik nümayəndəliyinə və ya konsulluğuna, və ya bilavasitə Xarici İşlər Nazirliyi ilə yanaşı, Səhiyyə Nazirliyinə və Qida Təhlükəsizliyi Agentliyinə dərhal bu barədə məlumat verəcək.