METBUAT.AZ

Siyasət

Berlində Silahlı Qüvvələr Günü qeyd olunub -

27 iyn 2023 11:56

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105 illiyi münasibətilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində tədbir təşkil olunub.

Tədbirdə Almaniyanın dövlət qurumlarının yüksək vəzifəli təmsilçiləri, səfirlər, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də bu ölkədə yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak ediblər.

Metbuat.az "Azertac"a istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan və Almaniyanın Dövlət himnləri səsləndirilib.

Sonra Azərbaycan Silahlı Qüvvələr ilə bağlı videoçarx nümayiş olunub. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ölkəmizin Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək 105 il əvvəl yaradılmış Azərbaycan Milli Ordusunun keçdiyi şərəfli yoldan danışıb. Bildirilib ki, milli ordunun yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi ilk və ən mühüm tədbirlərdən biri olub. Müstəqilliyin bərpasından sonra müasir Azərbaycan dövlətçiliyinin qurucusu, Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə ordumuzun daha da gücləndiyini vurğulayan N.Ağayev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin torpaqlarımızı işğaldan azad etdiyini və düşməni kapitulyasiyaya məcbur edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyini diqqətə çatdırıb.

Sonra çıxış edən Azərbaycan Silahlı Qüvvələrinin Almaniyadakı hərbi attaşesi polkovnik Əhməd Qafarov Ordumuzun müasir vəziyyəti, beynəlxalq sülhə və təhlükəsizliyə verdiyi töhfə, beynəlxalq və ikitərəfli formatlarda həyata keçirilən əməkdaşlıq barədə məlumat verib.

Çıxışlardan sonra keçirilən konsertdə Almaniyada yaşayan və fəaliyyət göstərən musiqiçilər - vokalist Cavid Səmədov və pianoçu Nərgiz Oruclunun ifasında tanınmış Azərbaycan bəstəkarları Qara Qarayev, Müslim Maqomayev, Asəf Zeynallı, Vaqif Mustafazadənin, eləcə də Avropa bəstəkarlarının əsərləri səsləndirilib.


metbuat.az.