24 iyn 2023 22:39
Bu gün dövlət ümumi təhsil müəssisələrində çalışan Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Metbuat-a bildirilib ki, sertifikatlaşdırma prosesinin son günündə Bakı şəhəri 170 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Lalə Şükürova və Bakı şəhəri 232 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəminə Zalova 60 bal toplayaraq günün ən yüksək nəticəsini göstəriblər.
Qeyd edək ki, iyunun 20-23-də ölkə üzrə 20 minə yaxın təhsilverən ibtidai sinif, iyunun 24-də isə 8500-dən çox təhsilverən Azərbaycan dili və ədəbiyyat üzrə test imtahanı mərhələsinə cəlb edilib.
Ümumilikdə sertifikatlaşdırma prosesinin ilk mərhələsinə 28 mindən çox müəllim dəvət olunub. 18 mindən artıq ibtidai sinif müəllimi sertifikatlaşdırma prosesindən uğurla keçib.
Müsahibə mərhələsində uğur qazanan müəllimlərin vəzifə maaşına 10 faiz, test imtahanında 51 və daha artıq bal toplayıb müsahibə mərhələsində uğur qazanan şəxslərin vəzifə maaşına isə 35 faiz əlavə ediləcək. Əlavələr sentyabr ayından tətbiq olunacaq.