METBUAT.AZ

Ölkə

Dəmiryolçu övladları ilk dəfə olaraq ADY-də -

1 iyn 2023 10:17

Dəmiryolçu övladları ilk dəfə olaraq 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününü ADY-də qeyd ediblər.

Metbuat.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC Bakı Dəmiryol Vağzalında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mən dəmiryolçu övladıyam!” adlı tədbir təşkil edib. ADY-nin təşəbbüsü ilə keçirilən tədbirdə ilk dəfə olaraq dəmiryolçu övladları valideynlərinin iş yerləri, o cümlədən vağzal və qatarların iş prinsipi ilə tanış olmaq imkanı qazanıblar.

Ümumilikdə tədbirdə ADY-nin II Qarabağ müharibəsində şəhid olmuş əməkdaşlarının və Vətən Müharibəsi iştirakçılarının uşaqları da daxil olmaqla 500-ə yaxın dəmiryolçu övladı iştirak edib.

Uşaqların yüksək texnologiyalara olan marağı nəzərə alınaraq tədbir çərçivəsində Bakı Dəmiryol Vağzalında pilotsuz uçuş aparatları, planer, roboteks sahələrinə aid guşələr hazırlanıb. Eyni zamanda, onlar gənc cüdoçuların tatami üzərində məşqlərini izləməklə yanaşı, bu idman növü haqqında məlumat da əldə ediblər. Əlavə olaraq bədii qiraətə marağın artırılması istiqamətində tanınmış nağıl müəllifləri ilə görüşlər təşkil olunub, animatorların iştirakı ilə maraqlı oyunlar keçirilib.

Tədbirin keçirilməsində Milli Aviasiya Akademiyasının “Teknofest-2022” festivalının qaliblərinin, ‘’AzeRobot Education’’ mərkəzinin və Azərbaycan Cüdo Federasiyasının iştirak etməsi bayramın yadda qalan olmasına xüsusi töhfə verib.


metbuat.az.