22 iyn 2023 12:00
“Manatın inzibati qaydada məzənnəsinin Mərkəzi Bank tərəfindən müəyyən edilməsi və dəyişməyən formada qalması ölkədə makroiqtisadi tarazlığın qorunub saxlanmasına xidmət edir”.
Bu fikirləri Metbuat.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. Ekspert hesab edir ki, bu metodla nominal valyuta məzənnəsi qorunub saxlansa da, amma real valyuta məzənnəsi qorunub saxlana bilməz. Yəni nominal məzənnəni saxlamaq olar, amma real məzənnəni saxlamaq olmaz.
“Mərkəzi Bank manatın xarici valyutalara nisbətən nominal və real effektiv məzənnəsini açıqladı. Nominal effektdə ümumi bu rəqəm 95.5 göstərilsə də, real məzənnədə 121,8-dir. Göründüyü kimi, real məzənnədə vəziyyət yaxşı deyil. Nominal məzənnə odur ki, biz bir dollar almaq üçün 1 manat 70 qəpik pul veririk. Bu nominal məzənnə adlanır. Real valyuta məzənnəsi dedikdə hər hansı bir şəxsin bir ölkənin əmtəə və xidmətlərini digər ölkənin əmtəə və xidmətlərinə dəyişə biləcəyi məzənnədir. Məsələn, Azərbaycanda mal əti 14 manatdır, Rusiyada ət 400 rubldur, amma 400rubl bizim pulla səkkiz manat edir. Biz Rusiyada 8 manata ət ala bilərdik. Bu misal rubl ifadəsində birin əlliyə nisbəti sayılır”.
E.Əmirovun fikirlərinə görə, bu gün biz manatın dəyərdən düşməsi ilə bağlı danışırıqsa onu keçmişə nəzərən əsaslandırmalıyıq.
“Məsələn, 2016-2017-ci ildə də 1 manat 1 dollar 70 qəpik idi, bu gün də eyni məzənnədədir.Amma 2017-ci ildə 100 dolları xərcləyib 170 manatla marketə girib aldıqlarımızın sayı, 2023-cü ildə aldıqlarımızdan daha çox idi. Biz 2023-cüildə nələri ala bilmiriksə, həmin qədər manatın dəyərsizləşməsi baş verib. Yəni inflyasiya baş verib. Yerli məhsulların milli valyuta hesabında qiymətinin qalxması ölkənin milli valyutasını dəyərsizləşdirir”.
Yaxın zamanda manatın möhkəmlənməsinin gözlənildiyi ilə bağlı suala cavab olaraq ekspert bildirdi ki, manatın nominal möhkəmlənməsini inzibati yolla həyata keçirmək mümkündür.
“Manatın məzənnə stabiliyinin qorunması valyuta ehtiyatlarından çəkilən xərclər hesabına mümkün olur. Amma bu qərarı atan zaman ölkə yenə valyuta itirəcək. Manatın real məzənnəsinin yüksəldilməsi üçün isə mütləq güclü iqtisadiyyat lazımdır. Bir sözlə, dəyər yaradılaraq, istehsal, emal prosesləri artırılaraq iqtisadi aktivlik yüksəlməlidir. Manat nominal ifadədə sabitdir, amma mövcud vəziyyətdə real məzənnəsi aşağı düşür”.
Gülbəniz Hüseynli / Metbuat.az