13 iyn 2023 14:13
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi orta məktəblərdə keçiriləcək “Son zəng” tədbirləri ilə bağlı valideynlərə xəbərdarlıq edib.
Metbuat.az xəbər verir ki, idarənin baş inspektoru, polis mayoru Araz Əsgərlinin məlumatına görə, hər il olduğu kimi, bu il də Təhsil Nazirliyi tərəfindən məzunların hansı qaydada "Son zəng" tədbiri keçirməsi ilə bağlı ictimaiyyətə məlumat verilib: “Yol polisi olaraq qeyd etmək istəyirik ki, ötən illərdə də müxtəlif formalarda xoşagəlməz hadisələr baş verib. Belə ki, həmin gün valideynlər övladlarına avtomobillərini həvalə edirlər, bu da sonda bədbəxt hadisənin yaranmasına səbəb olur. Bir daha valideynlərə xəbərdarlıq edirik ki, avtomobilləri idarəetmə hüququ olmayan şəxslərə verməsinlər. Bu, həm inzibati xətadır, həm də ictimai asayiş pozulur.
Bildirmək istəyirik ki, "Son zəng" tədbirləri ilə əlaqədar olaraq bütün təhsil müəssisələrinin ətrafında Bakı şəhər Baş Polis İdarəsi tərəfindən gücləndirilmiş qaydada xidməti fəaliyyət davam etdiriləcək. Bir daha valideynlərdən və məzunlardan xahiş edirik ki, bu cür qanunsuz əməllərə yol verməsinlər. Əziz məzunlar, Son Zəngi sonuncu gün kimi qeyd etməyin”.