5 iyn 2023 10:25
Baş Dövlət Yol Polisi İdarəsi “Əziz Şuşa” beynəlxalq velosiped turniri ilə əlaqədar sürücülərə müraciət edib.
Metbuat.az xəbər verir ki, müraciətdə deyilir:
"Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə cari ilin 07-11 iyun tarixlərində "Əziz Şuşa Beynəlxalq Velosiped Turniri” keçiriləcək.
Yarışa iyunun 7-də saat 10:30-da paytaxtın Səbail rayonunda yerləşən Veloparkdan start veriləcək. Velosipedçilər həmin gün Lökbatan dairəsindən, Bakı Kənar Dairəvi yoldan və Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün stasionar postundan Bakı-Şamaxı-Yevlax avtomobil yoluna keçərək birinci tura Şamaxı rayonunda yerləşən “Shamakhi Palace Sharadil” otel kompleksinin qarşısında yekun vuracaqlar.
İkinci tura iyunun 8-də Qəbələ rayonunda start veriləcək. İdmançılar Qəbələ-Zarağan-Oğuz-Şəki marşrut xətti üzrə və geriyə hərəkət edərək ikinci mərhələni Qəbələ rayonunda başa vuracaqlar.
Üçüncü tura iyunun 9-da Qəbələ rayonunda start veriləcək və velosipedçilər Qəbələ-Ağdaş-Xaldan-Mingəçevir marşrut xətti üzrə və Bakı-Qazax avtomobil yolu ilə hərəkət edərək yarışın növbəti mərhələsini Gəncə şəhərində tamamlayacaqlar.
Dördüncü tura iyunun 10-da Gəncə şəhərindən start veriləcək. İdmançılar Gəncə-Şəmkir yolundan keçib Göygöl rayonu istiqamətində hərəkət edərək növbəti finiş xəttini Göygöl Dövlət Təbiət Qoruğunda keçəcəklər.
Sonuncu tura iyunun 11-də Beyləqan rayonunda start veriləcək. Velosipedçilər Beyləqan-Füzuli-Xocavənd-Zəfər yolu marşrut xətti üzrə hərəkət edərək beynəlxalq turnirə Şuşa şəhərində yekun vuracaqlar. Turlar səhər saat 10:30-dan 15:00-dək davam edəcək”.
“Ölkəmizin tanıdılması, beynəlxalq arenada nüfuzunun daha da möhkəmləndirilməsi və işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən sözügedən turnirin təhlükəsiz şəraitdə keçməsi üçün əhalidən, xüsusilə sürücülərdən yuxarıda qeyd olunan müddət ərzində yarış iştirakçılarının hərəkət edəcəyi yollardan mümkün qədər istifadə etməməyi xahiş edir, mötəbər idman tədbirinin yüksək səviyyədə təşkilinə töhfə verməyə çağırırıq", - müraciətdə qeyd edilib.