METBUAT.AZ

Sosial

GOZLƏMƏ

7 iyn 2023 14:25

“Azərbaycanda özəl sektora maaşları diktə etmək kimi bir mexanizm yoxdur”.

Bu açıqlamanı Metbuat.az-a iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Müsahibimiz hesab edir ki, özəl sektorda rəsmi maaşların aşağı olmasının səbəbi bu sahənin vəziyyətinin o qədər də ürəkaçan olmaması ilə əlaqədardır.

Natiq Cəfərli

“Bütün bunlar həm işəgötürən, həm də işçi tərəfindən sosial fonda ödənilən vəsaitlərin çox yüksək olmasından qaynaqlanır. Yəni bu məsələ kökündən həll edilməsə, bu problemin açığı həll olunacağını düşünmürəm. Sosial müdafiə fonduna ödənişlərin çox yüksək olması, işəgötürən tərəfindən rəsmi müqavilələrdə maaşların az göstərilməsinə səbəb olur. Çünki ödənişlər də maaşların məbləğindən asılıdır”.

Natiq Cəfərli problemdən çıxış yolu ilə bağlı suala cavab olaraq bildirdi ki, qanunvericilikdə sosial ödənişlərin faiz dərəcələrinin müəyyən dərəcədə aşağı salınması təşəbbüsü göstərilərsə vəziyyət yaxşıya doğru dəyişə bilər.

“Nəticədə, həm işəgötürəndə, həm işçidə maaşların rəsmiləşdirilməsi ilə bağlı bir maraq yaranacaq. İndi heç bir özəl müəssisədə bu qaydalara uyğun işçi ilə müqavilə bağlamağa maraq yoxdur”,- deyə Natiq Cəfərli bildirib.

Qeyd edək ki, 2023-cü il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən ötən ilin eyni dövrü ilə müqayisədə 24,8 min nəfər və ya 1,5 faiz artaraq 1733,9 min nəfər olmuş, onlardan 903,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 830,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Bu barədə Metbuat.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Əmək haqqı neft-qaz sektorunda 3135,0 manat, qeyri neft-qaz sektorunda 812,4 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 809,9 manat, özəl müəssisələrdə isə 908,4 manat olub.

2022-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 14,7 faiz artaraq 839,4 manat olmuşdur.

Məlumat üçün bildirək ki, 2023-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda minimum əmək haqqının məbləği 300 manatdan 345 manata qaldırılıb.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.