14 iyn 2023 12:38
Hər il havaların istləşməsi ilə əlaqədar ictimai nəqliyyatda sərnişinlərin “kondisonerlər işləmir” problemi də yenidən gündəmə çevrilir.
Bu dəfə Metbuat.az-ın qaynar xəttinə “Bakı Metropoliteni”ndə vaqonlarda kondisoner sisteminin işləməməsi ilə bağlı şikayət daxil olub. Şikayətçi iddia edir ki, saat 18.00 radələrində Həzi Aslanov istiqamətinə gedən vaqonda sıxlıq ilə yanaşı kondisonerin işləməsi səbəbindən çətin vəziyyətə düşüb.
Vəziyyət ilə bağlı Metropolitenin mövqeyini öyrəndik. "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Metbuat.az-a bildirdi ki, yaranmış bu problem araşdırılacaq.
“Metronun vaqonlarda kondisoner yox mikroiqlim nəzarəti sistemi quraşdırılıb. Onun da söndürülməsi mümkün olmur. Yəni, nə yayda, nə qışda metroda bu sistem qapadılmır. Ola bilər ki, başqa səbəblərdən sərnişində kondisonerin işləmədiyi ilə bağlı fikirlər formalaşsın. Amma birmənalı olaraq qeyd etməliyəm ki, metroda kondisoner söndürülmür”.
Bəxtiyar Məmmədov qeyd etdi ki, metroda evdə və yaxud avtobuslarda gördüyümüz sərinləşdirici sistem müntəzəm daimi avtomatik rejimdə çalışan funksional bir sistem çalışdığı üçün ona istədiyimiz vaxt müdaxilə etmək olmaz. “Bakı Metropoliteni”ndə plana uyğun olaraq, 4 yeni güclü ventilyatorun quraşdırılması işləri başa çatdırıldığını xatırladan B.Məmmədov dedi ki, daha iki köhnə ventilyatorun yeni nəsil analoqları ilə əvəzlənməsi davam etdirilir.
“Ventilyasiya sisteminin səmərəli fəaliyyəti metropolitenin tunel və stansiyalarında sərnişin təhlükəsizliyi prinsiplərinin ən mühüm tərkib hissəsidir. Bu səbəbdən istismar müddətini başa vuran havalandırma qurğularının yenilənməsi və digərlərinin təkmilləşdirilməsi davamlı aparılan bir prosesdir. “Bakı Metropoliteni” QSC-nin dünya istehsalçıları arasında apardığı monitorinq və müvafiq qiymətləndirmənin nəticəsi kimi, son illərdə havalandırma qurğuları Rusiyanın Artyomovsk şəhərində yerləşən “Ventprom” maşınqayırma zavodundan alınır. Avadanlıq iqtisadi cəhətdən də daha münasib olmaqla yanaşı, texniki qulluğu və təmir-təftişi daha rahat, asandır. Elektrik enerjisinə daha çox qənaət edir. Texniki istehsal tapşırıqlarında Bakının iqlim şəraiti, metropolitenin geoloji, infrastruktur şəraiti və digər texniki məsələlərə diqqət edilməsi də yer alıb. Əvvəlki analoqları ilə müqayisədə, yeni ventilyatorlar daha güclü və məhsuldar olmaqla, quraşdırılacağı stansiya və tunelləri 2-3 dəfə artıq təmiz hava kütləsi ilə təmin edir. Onların idarə edilməsi də müasir dövrün tələblərinə uyğun, mərkəzləşmiş qaydada dispetçer tərəfindən aparılır. Bu isə ventilyatorun iş rejiminin ən qısa müddətdə dəyişdirilməsinə və operativ işinin qurulmasına zəmin yaradır”.
Gülbəniz Hüseynli / Metbuat.az