METBUAT.AZ

Sosial

Gözləmədə

16 iyn 2023 13:08

İyunun 14-də Prezident İlham Əliyev "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzaladı.

Sənədə əsasən, səmərəliliyin və şəffaflığın artırılması məqsədilə 2024-cü ilin yanvar ayından etibarən fiziki və ya hüquqi şəxslər tikintiyə və ya istismara icazəni elektron portal üzərindən ala biləcəklər.

Daşınmaz əmlak sektorunda şəffaflığın daha da artmasına və sənədləşmənin sürətlənməsinə xidmət edəcəK fərmandan irəli gələn məsələlərlə bağlı əmlak üzrə ekspert Elnur Fərzəliyev Metbuat.az-a danışıb. Müsahibimiz bildirdi ki, ilkin qiymətləndirmələrə görə, bu sadələşdirmə 40 mindən çox obyekti əhatə edəcək.


“Bir neçə ay bundan əvvəl Milli Məclisdə çıxarışsız qeyri-yaşayış obyektlərinin çıxarışla təmin olunması ilə bağlı məsələ qaldırıldı. Məsələ ondadır ki, çıxarışı olmayan qeyri-yaşayış obyektlərinin sahibləri həmin əmlaklarını nə sığortalaya bilir, nə də onların əmlaklarının mülkiyyət hüququ tanınır. Həmin əmlakların satışı zamanı vergi ilə bağlanan müqavilələrdə də problemlər yaranır. Çünki çıxarışı olmayan əmlaklar üzərində rəsmi notarial qaydada müqavilə bağlana bilmədiyi üçün alqı-satqı prosedurlarında da belə vergilər ödənmir. Elə tikilən evlər var ki, onlara sənəd verilməməsini başa düşmək olar. Bu siyahıya yüksək gərginliklə elektrik naqillərinin altında və ya neft təyinatlı torpaqlarda tikilən yaşayış yerləri aiddir. Amma əksər hallarda tikilən qeyri-yaşayış obyektləri yaşayış üçün yararlı yerlərdə inşa olunur, tikilir. Onlara sənədlərin verilməməsi məsələsi çox ciddi problemdir. Prezidentin imzaladığı fərman birbaşa əmlak sahiblərinin mənafeyinə xidmət edir”.

Bu məsələnin dövlət üçün də əhəmiyyətli olduğunu xatırladan Elnur Fərzəliyev dedi ki, 100 minlərlə çıxarışı olmayan torpaq sahələrinin olması ölkə üçün xoş və ürəkaçan bir hal deyil. Problemin kökündə dayanan səbəbin çoxşaxəli olduğunu vurğulayan ekspert hesab edir ki, çıxarışsız əmlaklara sənəd verilməsi üçün aidiyyatı qurumlar məsələyə ciddi yanaşmalıdırlar.

“Məsələ ondadır ki, torpaq sahəsində inşa prosesinin aparılması üçün icazəni bələdiyyə və yaxud icra hakimiyyəti verdiyi halda tikintiyə nəzarəti başqa qrum aparır. Digər bir qrum isə çıxarışı verir. Bunlar arasında əlaqə zənciri qırılanda sənədləşmə prosesi yubanır, bəzən də mümkün olmur. Öncəki illərdə də, dəfələrlə ölkə başçısının əmlakların sənədləşməsi ilə bağlı tapşırıqları, fərman və sərəncamları olsa da, sənədsiz əmlaklar probleminin həlli yubanırdı. Bu gün vətəndaşa sənədin verilməməsi vətəndaşın günahı deyil və yaxud qadağan olunmuş ərazidə əmlakın tikilməsi ilə bağlı məsələ də o vətəndaşın məsuliyyətsizliyi səbəbindən olmayıb. Hansısa bir bələdiyyə torpağında tikilib satılan əmlakın sənədləşməsi zamanı məlum olur ki, ərazi heç bələdiyyənin deyil, neft ya da əkin ərazisidir. Ona görə də bildirmək istəyirəm ki, proses keçmişdə başlayan və hələ də davam edən prosesdir”.

- Bəs çıxış yolu nədədir?

Bu suala cavab olaraq Elnur Fərzəliyev qeyd etdi ki, gələcəkdə bu çətinliklər yaşanmasın deyə bu məsələyə problem kimi yanaşıb, hansısa formada qarşısının alınması üçün tədbirlər görülməlidir.

“Ya torpaqların təyinatı dəyişdirilməli, ya da yaşayış məntəqələri və ya qadağan olunmuş ərazilərdə insalara ərazinin tikinti üçün yararsız olduğunu qeyd edən xəbərdarlıq nişanları vurulmalıdır. Vətəndaşların əmlaklarının sığortalanması ilə bağlı problemlər yaşanır. Gərək, mənzilin sənədi olsun ki, vətəndaş da sığorta etmədiyi halda cəriməni ödəmək istəsin. Ümid edirəm ki, Prezidentin son fərmanından sonra bütün bu məsələlər həllini tapacaq və sənədsiz əmlaklara sənəd verilməsi prosesi asanlaşdırılacaqdır”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.