30 iyn 2023 22:05
İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir. Dördüncü yarış günündə qadın güləşi üzrə millinin son 3 üzvü mübarizəyə qoşulub.
Metbuat.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, Gültəkin Şirinova (53 kq) fransalı Lauri Lesaffreyə (14:4), slovakiyalı Kristina Basixə (14:6) və türkiyəli Emine Çakmaka (4:1) qalib gələrək Avropa çempionatının finalına yüksəlib. Gəncə güləş məktəbinin yetirməsi finalda ukraynalı Mariya Yefremova qarşılaşıb. Rəqibinə 0:2 hesabıyla uduzan Gültəkin Avropa ikincisi olub.
Nərgiz Səmədova (57 kq) bolqarıstanlı Nesrin Süleymanovaya (3:0) və xorvatiyalı Lana Noqiçə (11:1) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Səmədova finalın bir addımlığında ukraynalı Alina Filipoviçlə bacarmayıb - 0:11. Mingəçevir güləş məktəbinin yetirməsi bürünc medal uğrunda türkiyəli Şevval Çayırla güləşib. Rəqibinə müqavimət göstərə bilməyən (0:10) Nərgiz 5-ci yerlə kifayətlənib.
Fatimə İsayeva (65 kq) təsnifat mərhələsində macarıstanlı Eniko Elekeşə "tuş"la məğlub olub. Rəqib finala yüksəldiyi üçün İsayeva təsəlliverici görüşdə serbiyalı Maşa Peroviçlə üz-üzə gəlib və bu qarşılaşmada da uduzub - 10:18.