METBUAT.AZ

Siyasət

“İlin sonuna qədər sülh müqaviləsi imzalana bilər” -

7 iyn 2023 13:09

“Ermənistan baş naziri Nikol Paşinyanın Ərdoğanın inaqurasiya mərasiminə qatılması, Azərbaycan və Ermənistan arasında bu gün sülh müqaviləsinin imzalanmasına dair müzakirələr regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib. Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmağa maraqlı olduğunu ifadə edən politoloq vurğuladı ki, Vətən müharibəsində Azərbaycana göstərdiyi dəstəkdən sonra artıq Cənubi Qafqazda Türkiyənin mövqeləri çox güclənib.

İlyas Hüseynov - politoloq

“Nikol Paşinyan və ona bağlı olan media qurumları Türkiyə Prezidenti Rəcəp Təyyib Ərdoğanın hakimiyyətdən gedəcəyinə ümid edirdilər və buna çox çalışırdılar. Amma bu baş vermədi. Əksinə, bu gün çox güclü komandası - Nazirlər Kabineti ilə yoluna davam edən Ərdoğan Cənubi Qafqazda da siyasi və geosiyasi dəyişikliklər vəd edir”.

Politoloq deyir ki, əgər Ermənistanın baş naziri ayrı-ayrı qüvvələrə arxalanaraq regionda təhlükəsizlik sistemini dağıtmaq niyyəti güdürdüsə, bu təxribatlar, revanşist addımlar artıq reallaşmayacaq.

“İlin sonuna qədər sülh müqaviləsinin imzalanması ehtimalı güclü olaraq qalmaqdadır. Baxmayaraq ki, daxildə revanşist əhval ruhiyyədə olan qüvvələrin çoxluğu və onlara dəstək verən kənar qüvvələr mövcuddur. İstənilən halda sülh müqaviləsi yeganə çıxış yoludur. Bunu da anlamaq və dərk etmək tələb olunur”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.