METBUAT.AZ

Siyasət

Kişineu GÖRÜŞÜ:

2 iyn 2023 14:23

“Məlum olduğu kimi, Kişineuda “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Aİ Şurasının Prezidenti Şarl Mişelin, Fransa prezidentinin və Almaniya kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən verilib”.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa Prezidenti Emmanuel Makron tərəfindən Azərbaycan və Ermənistan liderləri arasında Kişineu görüşünün nəticələrinə dair yayılmış bəyanat barədə yerli mətbuatın sualına cavabında bildirib.

XİN rəsmisi qeyd edib ki, əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir.

Moldovanın paytaxtı Kişineuda keçirilən müzakirələrin mühüm əhəmiyyət kəsb etdiyini ifadə edən politoloq İlyas Hüseynov Metbuat.az-a açıqlamasında bildirdi ki, Avropa beştərəfli görüşə çox ciddi hazırlaşmışdı.

İlyas Hüseynov

“Avropanın mühüm çağırışlar dövrünə qədəm qoyduğu bir zamanda enerji, hərbi, siyasi təhlükəsizlik, iqtisadiyyatın dayanıqlı olması kimi məsələlərlə yanaşı , iqlim dəyişiklikləri, su çatışmazlığı, ərzaq problemi və bu kimi mühüm amillər də müzakirə mövzusudur.Azərbaycan lideri cənab İlham Əliyev də bu mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirəsinə qatılmışdı. Çıxışlarda Cənubi Qafqazda gedən proseslər də diqqət çəkir. Eyni zamanda beştərəfli görüşdən öncə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə görüş keçirildi. Bu da sanki Brüssel formatında mayın 14 keçirilmiş danışıqlardan sonra baş verən proseslər öyrənildiyi ilə bağlı mesaj idi.

Kişineu görüşündə Ermənistanın1975-ci il xəritələrinə dair razılığın ifadə olunduğunu deyən politoloq xatırlatdı ki, müzakirələrdə anklavların gələcəyi eyni zamanda Ermənistanın nəzarəti altında olan Naxçıvanın Kərki və Qazaxın yeddi kəndinin Azərbaycana qaytarılması barədə danışıldı. İlyas Hüseynov bu kəndlərin Azərbay üçün strateji əhəmiyyət kəsb etdiyini vurğulayaraq qeyd etdi ki, bu xüsusda delimitasiya prosesi maraq doğurur.

“Eyni zamanda görüşdə bildirildi ki, ya hazırkı status kvo saxlanılsın, ya da anklavların dəyişdirilməsi prosesi icra edilsin. Buna dair bir ortaq fikir məntiq olmalıdır. Anklavlar məsələsində Paşinyanın əsas qorxusu daxili auditoriyada onun əleyhinə proseslərin güclənə bilməsi ilə bağlı yaranmış narahatlıqlardır. Onun satqın, xain və təslimçi olması damğası genişlənə bilər və buna görə də müəyyən tərəddüdləri vardır. Amma moderatorların da fikri bundan ibarətdir ki, proses uzanmasın və öz həllini tapsın”.

Kişineu görüşündə əldəolunan razılaşmaya əsasən Brüssel formatının davam etdiriləcəyini ifadə edən müsahibimiz bu məqamın mühüm detal olduğunu vurğuladı.

“İyunun 10-da və iyulun 21-dəXİN rəhbərləri ABŞ-ın vasitəçiliyi ilə yenidən görüşəcəklər. İlin sonunda oktyabr ayında Avropa Siyasi Birliyinin üçüncü toplantısı İspaniyanın Qranada şəhərində keçiriləcək və burada da beştərəfli formatda olan görüşün davamı gözlənilir”.

GÜLBƏNİZ HÜSEYNLİ / METBUAT.AZ


metbuat.az.