METBUAT.AZ

İqtisadiyyat

​“Kredit faizləri yüksəkdir, vətəndaşlar qaytarmaqda çətinlik yaşayır” -

12 iyn 2023 17:24

“Kredit faizlərinin yüksək olması bu gün bank sektorun ən ciddi məsələlərdəndir. Hazırda depozit faizləri ilə kredit faizləri arasında mütənasibliyin qorunub saxlanmasına və daha aşağı faizli kreditlərin təklif edilməsinə ehtiyac var”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. Millət vəkili hesab edir ki, bu istiqamətdə Mərkəzi Bank tərəfindən sistemli şəkildə fəaliyyətlərin həyata keçirilməsi və kredit faizlərinin optimallaşdırılması vacibdir.

“Təbii ki, Mərkəzi Bank tərəfindən bu istiqamətdə müəyyən addımlar atılır. Amma nəzərə alsaq ki, kredit faizlərinə təsir göstərən bir sıra digər faktorlar - mənfəət normasının yüksək olması, bank sektorunda rəqabətin güclü olmaması səbəbindən kredit faizləri yüksək təklif edilir. Hesab edirəm ki, Mərkəzi Bankın bu istiqamətdə fəaliyyətlərinin genişləndirilməsi nəticəsində kredit faizlərinin azalması müşahidə oluna bilər”.

Vüqar Bayramov qeyd etdi ki, hazırkı vəziyyət həm də bank sektorunun özü üçün risklər yaradır.

“Bu səbəbdən yüksək kredit faizlə verilmiş kreditlərin geri qaytarılması ilə bağlı çətinlikləri olur. Faizlər yüksək olduğundan vətəndaşlarımız bir sıra hallarda kredit götürdükdən sonra geri qaytarılması ilə bağlı problemlər yaşayırlar. Bu da bütövlükdə vətəndaşlarımızın sosial təminatı baxımından arzuolunan hal deyil. Ona görə də kredit faizlərinin optimallaşdırılması və aşağı salınması ilə bağlı işlərin davam etdirilməsi və daha aşağı kredit kreditlərin təklif edilməsi istiqamətində fəaliyyətlərin gücləndirilməsi olduqca vacibdir”.

Qeyd edək ki, Mərkəzi Bankın məlumatına görə, hazırda kredit portfeli 19 milyard 594 milyon manatdır. Ölkə üzrə orta kredit faizi 14,13 faiz, ən bahalı kreditlər isə Mil-Muğan iqtisadi rayonundadır - 20,43 faizdir. Bu rəqəmlər təbii ki, orta kredit faizləridir. İstehlak kreditləri üzrə faizlər qeyd olunanlardan daha yüksəkdir.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.