METBUAT.AZ

Ölkə

Laçında Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib -

10 iyn 2023 14:39

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, iyunun 9-da Prezident Administrasiyasının, işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın Laçın şəhərində növbəti iclası keçirilib.

Metbuat.az xəbər verir ki, iclası giriş sözü ilə açan S. Nuriyev vurğulayıb ki, ulu öndər Heydər Əliyev bütün qüvvəsini və xalqımızın potensialını vahid amal - torpaqlarımızın işğaldan azad olunması və məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün səfərbər edib.

Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin düşünülmüş və prinsipial siyasəti nəticəsində Azərbaycanın sürətli və hərtərəfli inkişafı təmin olunub, Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyulub və ərazi bütövlüyümüz bərpa edilib. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır, artıq məcburi köçkünlər doğma yurdlarına qayıtmağa başlayıblar.

Əlaqələndirmə Qərargahının rəhbəri Prezidentin 2023-cü ilin may ayı ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfərlər edərək bir çox yaşayış məntəqələrinin təməllərini qoyduğunu, infrastruktur və digər obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak etdiyini, yenidənqurma və tikinti işləri ilə yerlərdə tanış olduğunu və müvafiq tapşırıqlar verdiyini bildirib.

Sonra Prezidentin işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı verdiyi tapşırıqların icrası istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 2023-cü il ərzində icrası davam etdirilən və həyata keçirilməsi nəzərdə tutulan işlərə dair məruzələr dinlənilib, müzakirələr aparılıb.

Daha sonra Qərargahın üzvləri Laçın şəhərində Aqro və Sənaye Parkında görülən işlər, Heydər Əliyev küçəsinin yenidənqurma konsepti ilə tanış olub, 1 Dekabr küçəsində yaşayış məhəlləsinə baxış keçiriblər. Onlara Həkəri çayının sahilində salınan “Laçın bulvarı”nda aparılan işlərlə bağlı məlumat verilib. Qərargahın üzvləri, həmçinin Laçın rayonunun Zabux kəndinə səfər ediblər.

Səfərin yekununda S.Nuriyev qarşıda duran məsələlərin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün aidiyyəti orqanların rəhbərlərinə zəruri tapşırıqları çatdırıb.


metbuat.az.