30 iyn 2023 10:30
İstər yay, istərsə də qış yaylarında səssiz ölümdən xəbər verən dəm qazından boğulma hallarına qarşı mübarizə aparmaq çətinləşib.
Dövlət Statistika Komitəsindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, təkcə 2022-ci ildə 155 nəfər dəm qazından boğularaq vəfat edib. Bir il üçün rəqəmlər olduqca böyükdür.
Bəs dəm qazından ölüm hallarının qarşısını almaq üçün insanlar necə maarifləndirilməlidir?
Metbuat.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev qeyd etdi ki,
"Dəm qazından zəhərlənmə halları əsasən payız-qış aylarında olur. Evlərdə olan qaz sobaları, qaz cihazları standartlara cavab verməyəndə, düzgün təhlükəsizlik riayət edilmədikdə bu proseslər baş verir. Düzgün təhlükəsizlik deyəndə həm quraşdırma zamanı, həm də sonrakı istismar müddətində təhlükəsizlik qaydalarının pozulmasıdır. İlk növbədə qaz cihazları alarkən sertifikasiyası olan məhsullar alınmalıdır. Mənşəyi məlum olmayan cihazlardan istifadə etmək düzgün deyil. İkincisi, istismar zamanı evlərdə mütləq havalandırma olmalıdır. Digər bir səbəb isə qaz cihazlarına kənar müdaxilələrin edilməsi, yəni qeyri-peşəkar şəxslərin təmir aparması və ya bir otaqdan digərinə aparılması sonradan, təmir-tikinti zamanı kənar müdaxilə sonradan yanma prosesinin pozulmasına və dəm qazınını yaranmasına səbəb olur".
"Əsasən binalarda qaz cihazlarının yeri dəyişdirilir. Qaz olan otaqda havalandırma olmur. Bu da dəm qazının yaranmasının əsas səbəblərindən biridir. Mütləq qaydada otaqda havalandırma olmalıdır və otağın kvadratına nəzər yetirilməlidir. otağın ölçüləri qaz cihazına uyğun olmalıdır. Qaz cihazı alarkən sertifikasiyası olan müəssisə tərəfindən quraşdırılması təmin edilməlidir".
Gülər Seymurqızı