17 iyn 2023 00:40
“Özüm istefa verməyəcəyəm, buradayam, işimi davam etdirirəm. Məni ancaq qovsalar gedəcəyəm”.
Metbuat.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Estoniya ilə 1:1 hesabı ilə bərabərə qaldıqları AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis komandasının “Dalğa Arena”da keçirdiyi görüşü dəyərləndirib: “İlk hissəni standartlardan çox aşağı səviyyədə oynadıq. Oyunumuz alınmırdı, topu idarə edə bilmirdik. Bu üzdən fasilədən sonra 3 əvəzləmə etdik. Düşünürəm ki, daha çoxuna layiq idik. Əgər 90-cı dəqiqədəki epizodda bəxtimiz gətirsəydi, qələbə qazanardıq. Birinci hissədən narazı, ikinci hissədəki çıxışdan razıyam. İlk yarıda rəqib hətta daha iki qol vura bilərdi. Ancaq fasilədən sonrakı çıxışımızla qələbəyə layiq idik”.
67 yaşlı məşqçi qarşılaşmadan əvvəl sistemi dəyişmək barədə düşündüyünü etiraf edib: “Çoxdan idi 4-2-3-1 sxemi ilə oynayırdıq. Matçdan əvvəl sistemi dəyişməyi düşündüm. Amma sistem dəyişsəydim və oyunumuz alınmasaydı, məni öldürərdiniz. Bizdə mövsüm bitib, rəqibdə isə çempionat davam edir. Bu gün güclü komanda ilə qarşılaşırdıq. Nəticəyə görə məyusam, amma komandamın ikinci hissədəki çıxışından razıyam”.
İtaliyalı mütəxəssis sərəncamında güclü futbolçular olmadığını etiraf edib: “Qrupumuz barədə nə düşünürsünüz? Uğur qazanmaq üçün yaxşı maşın olmalıdır. Biz bunun üzərində çalışırıq. Buradakı futbol cəmiyyətində nələrin baş verdiyini məndən yaxşı bilirsiniz. Qısa müddətdə belə az oyunçu ilə uğur qazanmaq asan deyil. Açığı, daha güclü millidən təklifim var idi. Sadəcə, bura ilə müqaviləm davam etdiyi üçün atıb getmək istəmədim".