5 iyn 2023 15:10
Hazırda Günəşin səthində aktiv ləkə qrupunun sayı azalaraq 7-yə düşüb, aktiv ləkələrin sayı isə 110-dur.
Metbuat.az xəbər verir ki, Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, iyunun 4-ü baş vermiş CME-nin (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) Yerə istiqamətlənmiş komponentinin olub-olmadığı analiz olunur.
Günəş küləyinin sürəti isə 465 km/san-yə kimi artıb.
Geomaqnit sahə sakit-aktiv fazalarda olub, Tac dəliyi ilə bağlı G1 sinifli geomaqnit qasırğası proqnozlaşdırılsa da, baş verməyib. Hazırda isə geomaqnit sahə sakitdir (Kp=1+).
Proqnoz günlərində (05-11 iyun) Günəş fəallığının zəif olacağı gözlənilir. C sinif alışmanın baş verməsi ehtimalı 99%, M sinif 35%, X sinif isə 10% təşkil edir.
2 MeV-dən çox enerjili elektron selinin sakit və həyacanlaşmış səviyyədə olacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə 7 iyunda S1 səviyyəsinə qədər qalxacağı gözlənilir.
Günəş küləyinin sürətinin günəşin qərb yarımkürəsindəki iki tac dəliyi və müsbət qütblü CH HSS-in (Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) təsiri ilə artacağı gözlənilir.
Proqnoz dövrü ərzində müsbət qütblü CH HSS təsiri ilə 05 iyunda G1 səviyyəli geomaqnit qasırğasının olması, 06-07 iyunda da bu təsirin davam edəcəyi proqnozlaşdırılır.