30 iyn 2023 12:29
Azərbaycanlı şair, bəstəkar Onegin Hacıqasımovun ölümündən 21 il ötür. Onu müəyyən mənada “unudulmuş” sənət adamlarından hesab edə bilərik, halbuki bir zamanlar onun şeir və bəstələri bütün SSRİ-də dillər əzbəri idi.
Onegin Hacıqasımov 1937-ci ildə Bakıda doğulub. Onun atası Yusif Hacıqasımov Moskvada təhsil almışdı, anası isə rus ədəbiyyatını çox sevirdi. Buna görə də, rus şairi A. Puşkinin 100 illik yubileyində dünyaya gələn oğullarına Puşkinin məşhur qəhrəmanının şərəfinə Onegin adını qoyurlar. Onun 1942-ci ildə dünyaya gələn kiçik qardaşını isə Nizami Gəncəvinin 800 illiyinin şərəfinə Nizami adlandırmışdılar.
O, 11-12 yaşlarından şeir yazmağa başlayır. Bildirilir ki, Onegin məktəb dövründə artıq birçox klassikləri mütaliə etmişdi.
1954-cü ildə Onegin Qorki adına Ədəbiyyat İnstitutuna qəbul olur. Növbəti il hərbi xidmətə yollanır və 3 il hərbi dəniz qüvvələrində xidmət keçdikdən sonra yenidən təhsilini davam etdirərək institutu bitirir. Bu dövrdə yazdığı şeirlər və yaxşı oxuması ona nüfuz qazandırır.
Qaldığı yataqxanada onun otağından daim siqaret və çaxır qoxusu gəldiyini deyən tələbəyoldaşı Mixail Buzıkin onu belə xatırlayır:
“Gena durmadan yazırdı. Biz ona heyran qalmışdıq. İnsanda bu qədər enerji haradandır? Bütün institut hər axşam onun balaca otağına yığışırdı. Səhərəcən şeir deyirdi. O, həm də çox gözəl parodiyaçı idi. Hətta Xruşovu belə parodiya etməkdən çəkinmirdi. Yataqxananın komendantı hər axşam azı 10 dəfə otağa gələrdi ki, sakit olaq. Milis də bizdən əl çəkmirdi. İnstitutda isə bizi Oneginin fitri istedadı və rəhbərlik tərəfindən ona qoyulan hörmət xilas edirdi. Ona istedadına görə dözürdülər”.
Onegin birinci kursda oxuyarkən, tələbə yoldaşı Anatasiyaya vurulur. Nəinki vurulur, onu təkcə tələbə yoldaşlarına yox, hətta müəllimlərinə belə qısqanır. İkinci kursda oxuyarkən Onegini əsgər aparırlar. O, 3 il hərbi dəniz qüvvələrində xidmət keçməyə məcbur olur. Onegin üç ildə sevgilisinə nə az, nə çox 960 məktub yazır və bu məktubların hamısında da ona şeir həsr edir. 58-ci ildə əsgərlikdən qayıdan Onegin elə Nastya ilə də evlənir. İl yarım sonra, 1960-cı ildə onların oğlu olur. Uşağın adını Yusif qoyurlar.
Onegin yazdığı mahnılar sayəsində 1960-cı illərdən sonra SSRİ-də nəğməkar şair kimi şöhrət qazanır. 1970-ci ildə, şairin 33 yaşı olanda, mahnılarından ibarət albom satışa çıxarılır və 14 milyon (bəzi mənbələrdə 15 milyon) satılaraq rekod qırır.
1960-80-ci illər arasında Polad Bülbüloğlu, İosif Kobzon, Alla Puqaçova, Yuri Antonov, Sofiya Rotaru, Valeri Obodzinski, Aida Vedişşeva, Müslüm Maqomayev, Rəşid Behbudov, Oqtay Ağayev kimi müğənnilər, “Qaya” Vokal İnstrumental Ansamblı, “Vesyolıye rebyata” qrupu və bir çox başqaları Onegin Hacıqasımovun mahnılarını ifa etmişdir.
Həmçinin, Oqtay Ağayevin oxuduğu “Kimsən sən”, Polad Bülbüloğlunun ifa etdiyi “Sevimli diyar”, “Sevincim Bakı”, “Xalidə” mahnılarının sözlərini də Onegin Hacıqasımov yazmışdır.
Onegin eyni zamanda “İyirmialtılar” (1966), “Ulduzlar sönmür” (1971), “Mən mahnı qoşuram” (1979), “Musiqi müəllimi” (1983) filmləri üçün də mahnılar yazıb.
Onu bu uğurları ətrafdakılarda qısqanclıq yaradır. Onu ləkələməyə, avara, hətta dəli kimi tanıtmağa çalışırlar. Yuxarılara yazıb şikayət edirlər ki, Onegin partiyaya şeir həsr etmir, sovet əxlaqına lağ edir.
Onegin ikinci ailə həyatını general qızıilə qurur. Lakin, bu evlilik də daimi olmur. Üçüncü dəfə o, dövrün tanınmış dirijoru Karbışevin qızı Tatyana ilə evlənir. Karbışevə isə nümunəvi kürəkən lazım idi. Çünki onun özündən də yazırdılar: tüfeyli kürəkəni var, sovet gəncliyinin əxlaqına zidd həyat tərzi sürür. Həmin vaxtlar Karbışevə SSRİ xalq artisti adı veriləcəkmiş. Amma buna ən böyük maneə isə zavalı Onegin imiş. Hətta Tanya belə Oneginə qarşı çıxır, atasının karyerasında ona ən böyük maneənin məhz bu qohumluq olduğunu açıq büruzə verir.
Ötən əsrin 80-ci illərində Oneginin həyatında dönüş olur. O, “İncil”i oxuduqdan sonra görüşləri dəyişir, 1985-ci ildə xristianlığıqəbul edərək pravoslav olur. 3 ildən sonra bütün ailəsini tərk edir, Kaluqa vilayətində yerləşən “Optina pustın” monastırına daxil olur və tərki-dünya həyatı yaşamağa başlayır. Burada o, adını dəyişir və “Simon” adlanmağa başlayır. Ömrünün sonuna qədər dindar xristian olaraq burada yaşayır.
Hətta deyilənə görə o, orada günah işlədir, yaxınlıqda yerləşən qadın monastrında bir rahibə ilə bir-birlərini sevirlər. Onların münasibəti böyük əks-səda yaratdığı üçün o, sevdiyi qadınla münasibətlərinə son verir.
Daha bir fərziyyəyə görə isə Onegin Kaluqaya ilk dəfə gedəndə onun kilsəyə gəldiyini eşidən rus qadınları hər tərəfdən axışıb ora gəlirlər ki, məşhur şairi görə bilsinlər. İzdiham yalnız polisin müdaxiləsindən sonra dağıdılır.
Əmisi qızı Nigar danışır ki, Bakıya gələndə, onu qarşılayanda əlində Bibliya varmış. Əmim elə bilib ki, sadəcə oxumaq üçün götürüb. Amma evə gələndən sonra həmişə deyib-gülən, zarafatından qalmayan atamın davranışları əmimgili təəccübləndirib. Təsəvvür edin, elə hey günahlardan, o dünyadan, ibadətdən danışırmış. Əmim hətta ağlayıb, göz yaşı töküb ki, qardaş, sənə nə olub? Elə bilirmiş ki, nəsə psixikasında problem var. Həkimə aparmaq istəyirmiş. Amma atam qəzəblənib. Gecəykən evdən çıxıb, üz tutub Moskvaya. Çıxanda deyib ki, siz məni heç vaxt başa düşməyəcəksiz.
Oğlu Yusif deyir ki, Bakıdan qayıdan günün səhəri Moskvada, sonuncu dəfə evləndiyi həyat yoldaşıyla da eyni söhbəti edib. Ona deyib ki, Tanrı onu çağırır və o gedir. Yoldaşı əvvəlcə elə bilib ki, uzun illər qəbul etdiyi içkinin təsirindəndimi, ya nədi, intihar etmək istəyir. Ağlamağa başlayıb. Ayağına düşüb yalvarıb ki, onu tək qoyub heç hara getməsin. Atam onu qaldırıb, üzünü-gözünü sığallayıb, bircə kəlmə deyib: “Mənim sizlərə yazığım gəlir”.
Onegin Hacıqasımov 2002-ci il iyunun 30-da 65 yaşında vəfat edir. Moskva vilayətinin Domodedovo rayonunun Lyamtsino kəndinin qəbiristanlığında dəfn olunur.