METBUAT.AZ

Elm və Təhsil

Nazirlə birgə uşaqları məktəbə qaytarmağın yollarını düşünün -

21 iyn 2023 16:28

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məlekə Abbaszadənin bu gün səsləndirdiyi fikirlərə deputat Etibar Əliyev reaksiya verib.

Metbuat.az xəbər verir ki, Məleykə Abbaszadənin sözlərinə görə, hər il qəbul imtahanında 600 baldan yuxarı nəticə göstərən uşaqların heç olmasa bir valideyni ali təhsillidir: "Ən yüksək nəticə göstərən məzunların nəticəsi valideynlərinin təhsilindən asılıdır. Bu elmi əsaslı faktdır".

Deputat bu fikirlərə reaksiya verərək bildirib ki, bu məsələdə məktəbin də rolu əsasdır:

"Böyük Amerika pedaqoqu və filosofu Dyüinin fikrincə, məktəbin vəzifəsi uşağın beynini ən müxtəlif məlumatlarla doldurmaqdan yox, onda hər bir insanın malik olduğu qabiliyyət və təmayülləri, istedad nişanələrini oyatmaq və inkişaf etdirməkdən ibarətdir. Bizim məktəblər bunu yetərincə bacarırmı? Bu sualı həm də Emin Əmrullayevə verirəm. Valideynlərin Ali təhsilli olmaları əsasən nəyi dəyişir?

Dahi şəxsiyyətlərin bioqrafiyası ilə tanışlıqdan deyim ki, onların böyük kəsimi uşaq vaxtı valideynlərini itiriblər. Onlar məktəb təhsilinin və valideynlərinin onlara miras qoyduqları kitabxananın ümidinə qalıblar. Ali təhsilli valideynlər uşaqlarına nəyi öyrədirlər? Onlarda yatmış istedad nişanələrini oyada bilirlərmi? Özləri və övladları üçün kitabxana qura biliblərmi? Məktəbin funksiyasını dərk edirlərmi? Fərz edək valideyn filoloqdur. Övladı təbiət elmlərini seçirmi? Yaxud riyaziyyatçının övladı riyaziyyat, yaxud fizika ixtisasını seçirmi? Bizim mentalitetdə ali təhsilli valideynlər övladladlarına istiqamət verir, repetitorlara nəzarət edir və övladlarının təhsillərini normal şəkildə maliyyələşdirirlər".


Deputat qeyd edib ki, sərd və elm və təhsil naziri uşaqları yenidən məktəblərə qaytarmaq üçün tədbirlər görməlidir:

"PIRLS (Progress in International Reading Literacy Study) beynəlxalq testinin 2021-ci üzrə nəticələri açıqlanıb. Qlobal miqyasda ibtidai təhsili bitirən (10-11 yaşlı) şagirdlərin oxuma bacarıqlarının inkişafında tərəqqini və oxuyub anlama (həmçinin dərketmə) bacarıqlarını ölçən bu qiymətləndirmə 5 ildə bir dəfə keçirilir. Son testin nəticələrinə görə, 601-700 bal intervalı ən yüksək, 501-600 bal intervalı yüksək, 500 bal orta, 475-499 bal inetrvalı aralıq, 400-474 bal aşağı beynəlxalq bençmark kimi qəbul edilib. Azərbaycanlı şagirdlər bu dəfə ən aşağı nəticəni göstərib - 440 bal. 2011-ci ildə nəticə 462, 2016-da 472 olmuşdu.Bu bölgüyə görə şagirdlər 3 qrup - yüksək, orta və aşağı sosial-iqtisadi statusa malik qruplar üzrə təsnifləşdiriliblər. Yüksək status dedikdə valideynlərinin ən azı birinin universitet və digərinin peşə təhsilinə malik olması, evlərində 25-dən artıq kitab və 25-dən artıq uşaqlarla bağlı kitab olması nəzərdə tutulur. Aşağı status validynlərinin hər 2-sinin orta təhsildən yüksək təhsili yoxdur, yaxud ümumiyyətlə təhsilsizdirlər, hər 2 kateqoriya üzrə 25-dən az kitabları var. Ölkəmizi qiymətləndirmədə təmsil edən şagirdlərin cəmi 8%-nin yüksək, 44%-nin isə aşağı sosial-iqtisadi statusa malik olduğu görünür. Müqayisə üçün, bu təsnifatda ilk sırada olan Norveçdə 57% yüksək, 6% aşağı statusa malik şagirdlər olub. Elə bu faktın özü DİM rəhbərinin fikrini alt-üst edir. Belə fikirləri səsləndirməkdənsə, Emin Əmrullayevlə birgə uşaqları məktəbə qaytarmağın yolları barədə düşünün. Dövlət babamızın tələbi budur".


metbuat.az.