METBUAT.AZ

Siyasət

ÖZƏL

15 iyn 2023 15:50

Xəbər verdiyimiz kimi, 15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.

Vəziyyəti şərh edən hərbi ekspert Ədalət Verdiyev Metbuat.az-a bildirdi ki, baş verənlərdən artıq Ermənistanın genişmiqyaslı təxribat hazırlığında olduğu açıq şəkildə görünür.

“Biz öncələri daha çox Kəlbəcər istiqamətində mövqelərimizin atəş açıldığını müşahidə edirdik. İndi bu atəşkəs pozuntularına Gorus istiqaməti də əlavə olunub. İlk dəfədir ki, biz Laçın sərhəd-keçid məntəqəsinə qarşı erməni təxribatları ilə qarşı-qarşıya qalmışıq. Düşünürəm ki, Ermənistan tərəfi bu təxribatların bədəlini artıqlaması ilə ödəyəcək. Yaralanan əsgərimizin qanı yerdə qalmayacaq”.

Ədalət Verdiyev qeyd etdi ki, sərhəd-keçid məntəqəsinin atəşə tutulmasına görə Azərbaycan tərəfinin atacağı addım ermənilər üçün kifayət qədər ağrılı və acılı olacaq.

“Ermənistan tərəfi Azərbaycan tərəfindən növbəti sarsıdıcı zərbə almaq üçün əlindən gələni etdi. Onlar Azərbaycanın erməni əsilli vətəndaşlarının hərəkət etdikləri sərhəd-keçid məntəqəsini atəşə tutmaqdan, orada Azərbaycan sərhədçisini yaralamaqdan belə çəkinmədilər. Bu Ermənistan üçün çox ciddi nəticələrə gətirib çıxaracaq”.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov isə hesab edir ki, bu hadisə Ermənistan ordusu tərəfindən əvvəlcədən planlaşdırılıb.

“Bu cinayət ondan xəbər verir ki, onlar bunu öncədən planlaşdıraraq həyata keçirilib. Ermənistanda olan ABŞ səfiri tərəfindən amerikalılara təlimatlar verilmişdi ki, onlar Laçın rayonu istiqamətinə getməsinlər, çünki ora onlar üçün qadağan edilmiş zona sayılırdı. Bu onu göstərir ki, keçid məntəqəsinin işləməsi, oradan ermənilərin girib çıxması, Xankəndinə getməsi və Ermənistana qayıtması onlara sərf etmir və onlar təxribat törədərək keçid məntəqəsinin bağlanması üçün əllərindən gələni edirlər”.


Zaur Məmmədov vurğuladı ki, Azərbaycan sərhədçilərinin tamamilə haqqı var ki, həmin keçid məntəqəsini bağlasınlar.

“Sərhəd-keçid məntəqəsinin ətrafında təhlükəsizlik təmin edilməlidir, təhlükəsizlik qorunmalıdır. Əgər təhlükəsizliyə təhdid varsa, demək, sabah ermənilər erməni əsgərləri, həmyerlilərini orada vuraraq Azərbaycana qarşı təxribat törədə bilərlər. Onlar dünyaya guya Azərbaycan ordusunun belə bir addım atması barədə saxta məlumatlar ötürə, Azərbaycanda informasiya müharibəsi savaşı aça bilərlər. Ermənistan ordusunun məqsədləri olduqca təhlükəlidir. Vəziyyəti nəzarət altına almaq üçün Azərbaycan demarkasiya olmayan ərazilərdə bayrağımızı mütləq şəkildə ucaltmalıdır. Azərbaycan tərəfi sərhədlərin təhlükəsizliyini qorumaq üçün bağlı bütün lazımı addımları atacaqdır”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.