METBUAT.AZ

Sosial

Parklanma

26 iyn 2023 12:23

Azərbaycanda nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmayacaq.

Metbuat.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi barədə qərarında öz əksini tapıb. Bundan başqa, qərara əsasən, Bakı, Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla digər yerlərdə parklanma pulsuz olacaq.

Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği əlavədə nəzərdə tutulan zonalara uyğun müəyyən edilir. “Yol hərəkəti haqqında” qanuna görə, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş tam məbləğdə hesablanır.

Parklanmanın şəhər mobilliyinin əsas elementlərindən biri olduğunu xatırladan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərli Metbuat.az-a bildirdi ki, bu məsələni həll etmədən şəhərdə əhalinin mobilliyinə nail ola bilməzdik.

“Azərbaycanın iri şəhərində yaşayan, avtomobili olan və mütəmadi olaraq şəhər içərisində parklama problemi yaşayan vətəndaşlar üçün gec də olsa, bu qərarın verilməsi sevindirici haldır. Burada diqqət çəkən digər məqam parklama qiymətləri ilə bağlıdır. Bir neçə il bundan əvvəl müvafiq qurumlar Nazirlər Kabinetinə parklanma ilə bağlı layihələrini göndərən zaman parklanma qiymətlərini bugünkü qiymətlərdən demək olar ki, iki dəfə artıq təklif etmişdilər. Görünür, cənab Prezident sosialyönümlü siyasətini nəzərə alaraq parklanma qiymətlərini çox da yüksək təyin etməyib. Şəhərin zonalar üzrə bölünüb qiymətin bu formada tətbiqi xidməti də əlçatan edəcəkdir”.


Eldəniz Cəfərli hesab edir ki, yeni qərar paytaxtda parklanma məsələləri ilə yanaşı, bir çox digər nəqliyyat problemlərinin də həllinə kömək edəcəkdir.

“Belə çətinliklərdən birincisi Bakı şəhərində avtomobillərin nizamsız olaraq harada gəldi dayanmasıdır. Bu da əsasən tıxaclara səbəb olur. İkinci məsələ yaşayış və qeyri-yaşayış obyektlərinin artıq məcburi olaraq özlərinin parklama yerlərinin yaradılması ilə bağlı məsələni gündəmə gətirəcək.Mənim etdiyim araşdırmalara görə, bir il ərzində parklanmadan təxminən 50 milyon manat dövlət büdcəsindən yan keçirdi. Bundan sonra həmin məbləğ büdcəyə gedəcək və yəqin ki, bu məbləğ avtomobil nəqliyyatı infrastrukturunun yaxşılaşdırılması istiqamətində xərclənə bilər. Bilirsiniz ki, parklanma nəzarətçiləri də, qeyri-leqal çalışırdılar, onların sosial təminatı yox idi. Bundan sonra parklanma nəzarətçiləri də qanuni çalışacaqlar və bu xidmətə görə maaş alıb, gələcəkdə də pensiya almaq, təqaüdə çıxmaq imkanları da onlar üçün daha da asanlaşacaqdır.

Eldəniz Cəfərli qeyd etdi ki, əvvəllər vətəndaş avtomobilini bir dəqiqə belə saxlayan zaman qapalı parklanma yerlərində onlardan bir manat pul tələb edirdi. Yeni qərara əsasən bütün parklanmalarda ilk 15 dəqiqə pulsuz olacaqdır.

“Bəzi özəl parklanma yerləri qanunu pozaraq hətta onlara irad bildirən zaman da, deyirdilər ki, bizim qanundan xəbərimiz yoxdur. Bundan sonra yeni qanuna görə həm özəl, həm də qeyri-özəl parklanma yerlərində də qapalı və açıq havada olmasından asılı olmayaraq vətəndaşlar ilk 15 dəqiqəni pulsuz avtomobillərini saxlayıb işlərini görə bilərlər”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.