METBUAT.AZ

Dünya

Putinin sağ əli idi -

24 iyn 2023 09:25

Uzun müddətdir ki, Ukrayna ilə mübarizə aparan "Vaqner" indi Rusiyaya müharibə elan edib. "Vaqner" Rusiyada "hərbi çevriliş elan edib" və Rostov şəhərini ələ keçirib.

Metbuat.az xəbər verir ki, "Vaqner" Rusiya prezidenti Vladimir Putinlə yaxın əlaqələrə malik, muzdlulardan ibarət qeyri-rəsmi hərbi birləşmədir. Putinin gizli ordusu olan "Vaqner" əvvəlcə Ukrayna və Krımda görünüb.

"Vaqner" necə ortaya çıxıb?

Qrup ilk dəfə 2014-cü ildə Rusiya Krımı ilhaq edərkən meydana çıxıb. "Vaqner" adını istefada olan rus zabit Dmitri Utkinin təxəllüsündən götürüldüyü bildirilir. Dmitri Utkin "Vaqner"in rəhbəridir. Deyilənə görə, Utkin Hitlerin sevimli bəstəkarı Vaqnerin şərəfinə özünə Vaqner təxəllüsünü götürüb.

"Vaqner" üzvləri Suriya, Liviya, Mərkəzi Afrika Respublikası və Ukrayna ilə yanaşı Sudan, Mali və Mozambikdə də döyüşüb. Onlar bu dövlətlərdə avtoritar liderlərin tapşırıqlarını yerinə yetirməklə, bəzən neft-qaz yataqlarını ələ keçirməklə, nəticədə dolayı yolla həmin ərazilərdə Rusiyanın maraqlarını, təsirini möhkəmləndirməklə məşğul olub.

Bəzi mənbələrdə "Vaqner"in 25 min nəfərlik hərbi qüvvəsi olduğu da bildirilir.

"Vaqner" Qrupunun yaradılmasında məqsəd Rusiya hökumətinin rəsmi siyasəti hesab olunmasa da, Rusiyanın maraqlarını qorumaq və Rusiyanın təsir dairəsini genişləndirmək üçün fəaliyyət göstərmək idi. Vaqner Qrupunun fəaliyyəti əsasən hərbi təlim və döyüşçülərin təmin edilməsinə yönəlmişdi. Qrup rusiyayönlü separatçılara dəstək verməklə münaqişələrdə iştirak edib və Rusiyanın maraqlarını qorumaq üçün strateji bölgələrdə fəaliyyət göstərib.

"Putinin aşpazı" - Priqojin kimdir?

ABŞ hökuməti "Vaqner"i prezident Vladimir Putinlə yaxın əlaqələri olan milyarder Yevgeni Priqojinin maliyyələşdirdiyini bəyan edirdi. Yevgeni Viktoroviç Priqojin rusiyalı iş adamıdır. Priqojin xüsusilə Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınıb. O restoranları və iaşə obyektlərində Putinin xarici dövlətlərin yüksək səviyyəli qonaqları ilə birlikdə iştirak etdiyi şam yeməyinə ev sahibliyi etdiyi üçün "Putinin aşpazı" kimi tanınıb.

Priqojin Sovet İttifaqı dövründə doqquz il həbsxanalarda yatıb. Priqojin 2014-cü ilin mayında Donbass müharibəsində Rusiya qüvvələrini dəstəkləmək üçün xüsusi olaraq "Vaqner" qrupunu yaratdığını elan edib.

62 yaşlı Priqojin Rusiya "Konkord" şirkətlər qrupunun rəhbəri və sahibi olmaqla bərabər həm də Rusiya Federasiyasının Qəhrəmanı, Donetsk və Luqansk qəhrəmanı adını alıb.


Ukraynadakı döyüşlərdə itkilər verən "Vaqner" rəhbəri Rusiyanın Ukrayna siyasətini tənqid edib. Onun sözlərinə görə Rusiya ordusunun hərəkətləri Kremlin ümid etdiyi nəticələri verməyib. O əlavə edib ki, Kremlin Ukraynanı "denasifikasiya" (nasistlərdən təmizləmə) siyasəti ukraynalıları "bütün dünyada yaxşı tanınan" millətə çevirib.

Qısa müddət bundan öncə nüsahiblərinin birində Priqojin bildirib ki, Vaqner Ukraynaya müdaxilənin əvvəlindən bəri 20 min muzdlusunu itirib və bunların təxminən yarısı məhkumlardır. Priqojinin sözlərinə görə Rusiya islah-əmək koloniyalarından ümumilikdə 50 min məhkum səfərbər olunub. ABŞ Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin fevralın sonuna olan məlumatına görə Rusiya müharibədə muzdlular da daxil azı 60 min nəfər itirib.

İyunun əvvəlində Sergey Şoyqu bütün “könüllü” birləşmələrə Müdafiə Nazirliyi ilə müqavilə imzalamağı əmr edib. "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin isə rəhbərlik etdiyi muzdlu təşkilatın Müdafiə Nazirliyi ilə müqavilə bağlamayacağını bəyan edib. Bununla Priqojin Putinin əmrini heçə sayıb: “Biz bu müharibədə iştirak etməyə başlayanda heç kim Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa məcbur qalacağımızı demədi."Vaqner" döyüşçülərinin heç biri belə bir utanca getməyə hazır deyil. Ona görə də heç kim saziş imzalamayacaq", - deyə Priqojin bildirib.


metbuat.az.