21 iyn 2023 09:59
Son zamanlar ölkədə qəfil ürəktutmasından, xüsusən gənclərin ölümü cəmiyyəti olduqca narahat edir. İnsanlar iddia edir ki, koronavirus pandemiyası yayılandan və vaksindən istifadə etdikdən sonra bu hallar daha da artıb.
Məsələ ilə bağlı Metbuat.az-a danışan Kliniki Tibbi Mərkəzin Kardiologiya şöbəsinin müdiri Səbinə Babayeva qeyd etdi ki, sözügedən ölüm hallarınını sayının artması faktdır. Xüsusilə gənclərin qəfil ürəktutmasından vəfatı həkimləri də düşündürür:
"Son zamanlar qəfil ürək tutmasından həyatını itirən insanların sayının artması artıq bir faktdır. Əsasən də gənclər arasında bu faciəvi halların artması bütün həkimləri düşündürür. Səbəblərə gəlincə, əsas burada vaxtında xəstəliyin aşkar olunmaması və gecikmiş müayinələrdir. Valideynlər maarifləndirilməlidir. Körpə yaşlarından anadangəlmə qüsurların aşkar edilməsi üçün kardioloq baxışı, müayinələr aparılmalıdır. Həmçinin yeniyetmə dövründə idmanla məşğul olmazdan əvvəl mütləq müayinələrdən keçmək lazımdır".
Onun sözlərinə görə, ziyanlı vərdişlerin olması, energetik içkilərin mütəmadi istifadəsi və toksik maddələrin qəbulu da ürək-damar xəstəliklərinə, qəfil ölümlərə yol açır.
Kardioloq koronavirusa qarşı vaksinlərin qəfil ürək ölümlərinə təsirindən danışarkən qeyd edib ki, bu barədə hazırda sübutlar yoxdur:
"Kovid pandemiyası dövründə insanların laxtalanma sistemində baş verən patoloji dəyişikliklər də bu problemi artırır. Son 1-2 il ərzində ağır ürək çatışmazlığı, kardiomiopatiya diaqnozları ilə müraciət edən xəstələr arasında 25-35 yaş arası gənclərə, əsasən kişi xəstələrə daha çox rast gəlinir. Belə xəstələri müayinə edərkən səbəb kimi sadaladığımız sağlam olmayan həyat tərzi aşkarlanır. Ürək-damar xəstəlikərinin cavanlaşmasında kovid vaksinasiyasının rolu sübut olounmayıb. Lakin virusa yoluxan insanlarda laxtalanmanın artması sübut olunmuşdur".
Gülər Seymurqızı