METBUAT.AZ

Sosial

Qızmar yay günlərində tikinti şirkətləri bu halda böyük məsuliyyət daşıyırlar -

27 iyn 2023 14:10

Bir neçə gündür ölkəmizə yay fəsli gəlsə də, havalar nisbətən küləkli və sərin keçir. Amma, mütəxəssislərin proqnozuna görə, bu il yay digər illərlə müqayisədə daha isti olacaq. Xüsusən də açıq havada çalışan işçilər üçün havanın isti olduğu təqdirdə tətbiq edilməli olan qaydalar var. Əmək Məcəlləsinə görə, hava 41 C olduğu təqdirdə bu işçilərin də işi dayandırılmalı və ya müəyyən fasilələr verilməlidir.

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekpert Elmar Nurəliyev deyir ki, istehsalatda, tikinti sahələrində çalışan işçilərin isti yay günlərində həyat və sağlamlığının qorunması üçün müəssisənin rəhbərliyi tərəfindən tədbirlər planı hazırlanmalıdır:

"Nəzərə alsaq ki, tikinti meydançasında yükqaldıran kranları, ağır yük maşınları, normadan artıq qabaritli nəqliyyat vasitələri, qaldırıcı mexanizmlər var, dəmir-beton işləri və hündürlükdə işlərin görülməsi həyata keçirilir, tikinti sahəsində olan təhlükə riskinin nə dərəcədə olduğunu başa düşərik. Ona görə də tikintidə təhlükəsizlik qaydalarına, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına, yanğın təhlükəsizliyi qaydalarına, hündürlükdə işlər zamanı təhlükəsizlik qaydalarına mütləq qaydada ciddi əməl edilməlidir. Tədbirlər planına müvafiq olaraq, əmr formasında aidiyyəti üzrə nəzarət edən şəxs təyin olunur. Daha sonra işçilər bu barədə məlumatlandırılır.

Elmar Nurəliyev

Bu qaydalar həm birbaşa günəş şüalarının təsiri altında tikinti sahəsində açıq havada çalışan işçilərə, həm də istehsalatda qapalı məkanlarda çalışan işçilərə aiddir. İşçilərin sağlamlığına hər hansı bir problem yaranmaması üçün xüsusi rejim yaradılmalıdır. İşçilərə istirahət saatlarından əlavə istirahət saatları verilir. Gün hündürlükdə çalışanlara daha tez vurur. Hətta hündürlükdə çalışan şəxslər kaska və ya papaqlardan istifadə etsələr belə, gün altında işləmək olmaz. Ani ehtiyatsızlıq böyük faciəyə səbəb ola bilər. Məsələn işçi 40 C günün altında çalışırsa, günvurma baş verirsə, onun hündürlükdə halı dəyişə bilər, huşunu itirə, əlində olan materialları yerə sala və ya özü yerə düşə bilər. Bu hal isə tikinti şirkəti üçün böyük məsuliyyət yaradır".

Elmar Nurəliyev xüsusilə qeyd etdi ki, qaydalar tətbiq edilən zaman işçilərin əmək haqqından hər hansı bir tutulma və yaxud da ki, azalma nəzərdə tutulmur:

“Əgər isti hava şəraiti daha çox davam edərsə, müəssisədə açıq havada görülən işlər dayandırılmaqla müəyyən fasilələr müəssisə tərəfindən təmin edilməlidir. Qəzalardan 100 faiz sığortalanmaq mümkün olmasa da, görülən təhlükəsizlik tədbirləri nəticəsində istehsalat qəzalarının sayını azaltmaqla insanlara və iqtisadiyyata dəyən zərəri minimuma endirmək olar", - deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.