23 iyn 2023 15:44
Xəbər verdiyimiz kimi, Azərbaycanda iyunun 28-də Qurban bayramı keçiriləcək. Müsəlman aləminin ən gözəl mərasimlərindən olan bu bayramda qurban kəsimi qaydaları, ətin paylanması və kimlərin qurban kəsə biləcəyi ilə bağlı suallara illahiyatçı Elşad Miri cavab verib.
Müsahibimiz Metbuat.az-a açıqlamasında bildirdi ki, Qurban bayramında əsas məqsəd ət yemək yox, həqiqətən başqaları ilə bölüşüb ictimai yardımlaşmaqdır:
“Quranda “Həcc” surəsinin 37-ci ayəsində bildirilib ki, kəsdiyiniz heyvanların nə əti, nə də qanı Allaha çatır, Allaha çatan ancaq sizin ona qarşı məsuliyyətli olmağınızdır. “Ənam” deyilən anlayış da var. Yəni Qurban bayramında ev heyvanları kimi nəzərdə tutulan heyvanların - qoyundan, keçidən, inəkdən, dəvədən qurban kəsilməsi nəzərdə tutulur. Bu heyvanları kəsib paylayırlar. Paylayarkən insanlar özləri bilirlər ki, ətin nə qədərini paylayacaqlar, nə qədərini özlərində saxlayacaqlar. Ətin çox hissəsini paylamaq daha məqsədəuyğundur, gözəldir. Eyni zamanda baxmaq lazımdır, müəyyən yaş aralığı olmalıdır ki, kəsilən heyvan kiçik quzu olmasın. Yəni bu gün kəsilən heyvanlar neçə yaşda kəsilirsə, qurbanlıq heyvanların da buna uyğun kəsilib, ətinin paylanması daha məqsədəuyğundur”.
Bəzi ilahiyyatçı alimlər qeyd edirlər ki, krediti və borcu olan şəxslər qurban kəsə bilməz. Elşad Miri bu fikrə münasibətində qeyd etdi ki, əgər bir insan həqiqətən o kreditini ödəyə bilirsə, qurban da kəsə bilər.
“Burada, əsas məsələ başqalarına paylamaqdır. Yox, əgər ödəyə bilmirsə, əksinə, həmin adamın özünə elə qurban pay düşür. Əgər bir insan qurban kəsib ətin hamısını özünə saxlayırsa bu yanlışdır.Qurbanlıqla oyun oynamaq olmaz. İmkanı olmayan şəxs qurban payını gözləməlidir. Qurban bayramının fəziləti, insanlar arasında bölüşmək, paylaşmaq yardımlaşmaqdır sosiallaşmaqdır”.
Gülbəniz Hüseynli / Metbuat.az