14 iyn 2023 14:33
Bu il Azərbaycanda Qurban bayramı iyunun 28 və 29-da qeyd ediləcək.
Metbuat.az bu qurban bayramının qaydaları ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayevla söhbətləşib.
- Fuad bəy, Qurban bayramında kimlər qurban kəsməlidir?
Həcc ziyarətində olan hər kəs üçün qurban kəsmək vacibdir. Amma Həccə getməyənlər üçün qurban kəsmək vacib deyil. Vacib olmasa da, maddi durum yaxşıdırsa, imkanı əl verirsə, ən azı bir xırdbuynuzlu heyvan kəssək, savab qazanarıq.
- Hansı heyvanlar qurbanlıq sayıla bilər? Qaydalar necədir?
Qurbanlıq xırdabuynuzlu heyvanlardan başlayır. Bəzən sual olunur ki, hindquşu, xoruz kəsmək olar? Xeyr. İnsanın quzu, qoyun, qoçu almaq imkanı yoxdursa, onun boynunda qurbanlıq vacibatı yoxdur. Ehtiyac yoxdur, narahat olmasın. Amma imkanı əl verən minimum xırdabuynuzıu heyvan kəssə, yaxşı olar. İribuynuzlu heyvanlar - dəvə, dana, qara mal da qurbanlıq ola bilər. İribuynuzlu heyvan şərik halda da kəsilə bilər. Xırdabuynuzlu heyvanların yaş hədləri qoyun, qoç, keçi 8 ayı keçməlidir, ondan aşağı olmaz. Dananın yaşı 1 yaşdan, dəvənin isə 5 yaşdan yuxarı olmalıdır.
Fuad Nurullayev
- Qurbanlığın bölüşdürülməsi üçün hər hansı qayda varmı?
Qurbanın bölüşdürülməsi üçün xüsusi qayda var. Hər kəsilən qurban 3 hissəyə bölünməlidir. Bir hissə kəsənin ailəsinə, digər hissələr isə yaxın qohumlardan tutmuş kasıb insanlara qədər paylanmalıdır.
- Bəzən insanlar qurbanlığı pulla əvəz edirlər. Bu, düzgündürmü?
- Qurbanlığı pulla və ya ərzaqla əvəz etmək olmaz. Qurbanlıq yalnız iribuynulu və ya xırdabuynuzlu heyvan olmalıdır. Dinimiz kəsiləcək qurbanlığın pul və ya ərzaq şəkildə verilməsinə icazə vermir. Çünki elə ailələr var ki, aylarla ət almaq imkanı olmur. Qurbanlıq olanda bilirlər ki, ailəyə pay gələcək. İkinci amil isə ola bilər qurbanlıq üçün ayrılan pullar real qiymətlərlə uyğunlaşmasın. Bu da düzgün deyil. Yaxud ərzağın yaxşısı alınmasın. Ona görə də Qurban bayramında heyvanların kəsilməsi vacib hesab edilir.
Gülər Seymurqızı