METBUAT.AZ

Ölkə

Razi Nurullayevdən həmin paylaşıma REAKSİYA:

12 iyn 2023 10:22

Xəbər verdiyiniz kimi, deputat Razi Nurullayevin feysbuk hesabındakı "Dərd çəkirik, qəm çəkirik, bir az da qəlyan çəkək" başlıqlı paylaşımı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Bu barədə Metbuat.az-a danışan deputat bildirib ki, bu, sadəcə sıradan bir paylaşımdır: "Bu barədə heç nə demək istəmirəm. Sıradan bir paylaşımdır. Deputat da adamdır, robot-zad deyil. Bütün ölkənin hər tərəfi qəlyanxanadır. Mən zərərli vərdişlərdən uzaq adamam. Cəmiyyətin normal insanları, vətəndaşları çoxdur. Xalqımız gözəl xalqıdır, qədirbiləndir".

Deputatın sözlərinə görə, müəyyən insanlar var ki, vəzifəli şəxsləri təhqir edirlər, çoxları saxta profillər arxasında gizlənirlər:

"Haradasa 10-15 min cahil, savadsız, ailəsinin belə qəbul etmədiyi, tüfeyli siyasi həyat yaşayan, dəyər, mentalitet bilməyən, siyasi və ictimai çəkisi mənfi "0" olan bir təbəqə var ki, onlar özləri çirkab içində çabalaya-çabalaya başqa suları da bulandırmaq istəyirlər. Sosial şəbəkələrdə üç milyona yaxın vətəndaşlarımız var. Onlar yazılan yazılara, statuslara baxıb keçir, rəy bildirmir. Amma dediyim o cahil, savadsız, dünyagörüşü "0"ın altında olan, bütün mənəvi və dəyər çəkisi mənfi, "0" olanlar isə hər bir məsələyə rəy bildirir və vəzifələri də öz səviyyələrinə uyğun olaraq nə isə pis yazmaq, söyüş yazmaq, təhqir etməkdir. Onların hamısı sürü kimi eyni tipli və ağına-bozuna baxmadan yazdıqlarına görə çox görünürlər. Əslində isə onlar çox azdır, amma çoxluq abrını, həyasını gözləyir, nəsə yazmır, fikir bildirmir. Onlar isə bütün vəzifəli şəxsləri təhqir edirlər, çoxları saxta profillər arxasında gizlənir. Çünki dovşan kimi qorxaqdırlar. Bir kiçik təbəqə də var ki, "Dədə Qorqudluq" edir. İndi onlar yaza bilər ki, ay sizə yaraşdırmadım belə yazmağı, belə münasibət bildirməyi və s. Əgər belə ağıllı, dünyagörülüsənsə və "Dədə Qorqud" olmaq istəyirsənsə, elə o cahil təbəqəni də maarifləndir, qorxma ki, səni də söyərlər. Zənnimcə, bizim ən böyük yanlışlıqlarımzdan biri də hər kəsə zamanında yerini və yurdunu göstərməməkdir. Belə bir şəraitdə o yaramazlar çox görünür. Həqiqət isə fərqlidir. O baxımdan "it hürər,karvan keçər".

Gülər Seymurqızı



metbuat.az.