METBUAT.AZ

Ölkə

“Sərhəd infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər görülür” -

8 iyn 2023 12:26

“Sərhəd təhlükəsizliyinin təmin edilməsi məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqətindədir”.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclasında deyib.

"Son 20 il ərzində dövlət başçısı Dövlət Sərhəd Xidmətinin müxtəlif hərbi hissələrinə 40 dəfədən çox səfər edib, bölmələrdəki vəziyyətlə şəxsən tanış olub. Cənab Prezidentin bilavasitə dəstəyi ilə sərhəd təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi üzrə kompleks tədbirlər görülüb və bu istiqamətdə işlər davam etdirilir”, - E.Quliyev deyib.

Onun sözlərinə görə, sərhəd infrastrukturunun təkmilləşdirilməsi, şəxsi heyətin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

"İşğaldan azad edilmiş ərazilərdə sərhəd infrastrukturunun yaradılmasına xüsusi diqqət ayrılır. Ölkənin ərazi bütövlüyü bərpa edildikdən sonra dövlət sərhədinin azad edilmiş hissələrində xidməti-döyüş fəaliyyətinin təşkili üçün zəruri tədbirlər həyata keçirilib. Qubadlı əlahiddə sərhəd diviziyası, çevik reaksiya qüvvələri briqadaları və müxtəlif hərbi birləşmələr yaradılıb”, - Dövlət Sərhəd Xidmətinin rəisi bildirib.


metbuat.az.