METBUAT.AZ

Gündəm

“Starex” Trendyol sifarişlərini niyə gecikdirir? -

14 iyn 2023 17:06

Bir neçə gündür sosial şəbəkələrdə Türkiyənin məşhur alış-veriş saytı olan “Trendyol”dan Azərbaycana birbaşa çatdırmalarda gecikmələrlə bağlı narahatlıqlar yaranıb.

Metbuat.az yaranmış vəziyyət ilə bağlı “Starex”in də mövqeyini öyrənib. Şirkətin Biznesin İnkişafı Departamentinin rəhbəri Pərviz Əzimov Metbuat.az-a açıqlamasında dedi ki, qeyd edilən problemdən xəbərdardılar.

“Biz bir neçə gün öncə sosial media hesablarımızdan da bunla bağlı paylaşım etmişdik. Müştərilərimizin problemlərini də bilirik və onun həlli üzərində işləyirik. Artan sifarişin həcmində müştərilərə daha yaxşı xidmət göstərə bilmək üçün Türkiyədə yerləşən anbarımızı dəyişərək, daha böyük anbara keçdik. Gecikmələrə səbəb keçid prosesində yaranan ləngimələrdir”.

Pərviz Əzimov yaranmış çətinliklərə görə müştərilərdən üzrahlıq etdiklərini qeyd edərək onu da bildirdi ki, artıq problemlər tam həllini tapıb və bundan sonra gecikmələr müşahidə olunmayacaq.

Məlumat üçün bildirək ki, “Starex” şirkəti hazırda birbaşa “Trendyol”la deyil, onların logistika üzrə Türkiyədəki böyük şirkətlərdən olan “Araz Karqo” ilə partnyorluq edir. Şirkət “Trendyol”un Azərbaycana göndərdikləri məhsulları həm birbaşa adreslərə, həm filiallar üzərindən, həm də Azərpoçt vasitəsilə çatdırmalarını həyata keçirir.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.