2 iyn 2023 12:54
İstanbulun Büyükçekmece bölgəsində yerləşən Avropanın 4-cü, dünyanın isə 17-ci ən böyük televiziya qülləsi satışa çıxarılıb.
Metbuat.az xəbər verir ki, 1998-ci ildə inşasına başlanan və 55 milyon dollara başa gələn qüllənin satış qiyməti təəcüblə qarşılanıb. “Show Haber”in xəbərinə görə, 8 min kvadratmetrlik sahəsi ilə satılacaq qüllənin qiyməti 249 milyon 395 min 434 TL-dir. Qüllə 2008-ci ildə hazır olsa da, 15 ildir ki, boş vəziyyətdədir. Qüllənin hündürlüyü 230 metrdir. Məlumata görə, teleqülləni Böyükçekmece 1-ci İcra Bürosu satışa çıxarıb.
Büyükçekmece Bələdiyyə sədrinin müavini Ömər Kazancı bildirib ki, televiziya qülləsinin bələdiyyə əlaqəsi yoxdur. Bu, yalnız bələdiyyənin hüdudları daxilində yerləşən tikinti şirkətinə aid qüllədir. Qülləni inşa edən tikinti şirkəti müflis elan olunduğu üçün onun balansında olan qüllə borclarına görə satışa çıxarılıb.