27 iyn 2023 17:05
“MINEPS VII konfransının möhtəşəm təşkil olunmasına görə Azərbaycana təşəkkür edirəm”.
Metbuat.az xəbər verir ki, bunu UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos Bakıda keçirilən Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli İşçilərin VII Beynəlxalq Konfransı (MINEPS VII) çərçivəsində baş tutan nazirlərin görüşündə deyib.
O, bu görüşün idman sahəsindəki problemlərin həlli üçün çox əhəmiyyətli olduğunu söyləyib.
Q.Ramos bildirib ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün sərmayələri sağlam həyat tərzinin saxlanması konsepsiyasının hazırlanmasına fəal şəkildə yönəltmək lazımdır. Onun sözlərinə görə, təkcə maliyyə hissəsinə deyil, həm də yatırılmış sərmayənin bəhrəsini verməsinə diqqət yetirmək vacibdir.
Xatırladaq ki, Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli İşçilərin VII Beynəlxalq Konfransı (MINEPS VII) keçirilir. Konfransda və onunla əlaqədar tədbirlərdə ümumilikdə 124 ölkədən və beynəlxalq təşkilatlardan 50-dən çox nazir və yüksək vəzifəli şəxs, eləcə də 540-dan çox nümayəndə iştirak edir.
Konfransın yekunlarına əsasən, UNESCO-nun idman təşəbbüsü olan eyniadlı layihənin davamı olaraq “Fit for Life” tərəfdaşlıq sənədi qəbul ediləcək. Layihənin əsas məqsədi idman sahəsində inklüzivliyin dəstəklənməsi, gənclərin rifahının yaxşılaşdırılması, COVID-19 pandemiyasının mənfi təsirlərinin aradan qaldırılması və fiziki passivliyin azaldılması strategiyasının hazırlanmasıdır.