METBUAT.AZ

İqtisadiyyat

Vergiödəyicilərinin sayı artıb

8 iyn 2023 22:18

Bu ilin iyunun 1-nə respublika üzrə uçotda olan 1 milyon 452 min 702 vergiödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi isə hüquqi şəxslər və digər təşkilatlar olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Metbuat.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 6,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,5 faiz, hüquqi şəxslərin sayı isə 9,7 faiz artıb.

Dövlət qeydiyyatında olan kommersiya qurumlarının sayı 167,6 min təşkil edib, onlardan 105,4 mininin fəaliyyəti aktiv olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kommersiya qurumlarının sayı 10,4 faiz, aktiv kommersiya qurumlarının sayı isə 14 faiz artıb.

2023-cü ilin iyunun 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,3 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,3 faizi səhmdar cəmiyyəti, 1,1 faizi kooperativ və sair formalarda yaradılıb.

İyunun 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 32 min 490 vahid təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz artım deməkdir.


metbuat.az.