22 iyn 2023 10:39
“Azərbaycana qarşı həm cənubdan, həm şimaldan müəyyən təhdidlər var idi. Pandemiyadan sonra quru sərhədlərinin bağlı qalmasının əsas səbəbi ölkədə təhlükəsizliyin təmin olunması ilə bağlıdır”.
Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Razi Nurullayev deyib. Millət vəkili hesab edir ki, qisas hissi ilə yaşayan Ermənistan və diversantların ölkəyə daxil olması çox ciddi problemlərin yaranmasına səbəb olardı.
“Rusiya-Ukrayna müharibəsi nəticəsində ölkəyə digər məqsədlərlə gəlmək istəyən insanlar ola bilərdi. Bütün bunları nəzərə alaraq Azərbaycan quru sərhədlərini bağlı saxlamaqla dövlət suverenliyimizin, vətəndaşlarımızın təhlükəsizliyinin qorunması üçün əhəmiyyətli hesab edirdi. Artıq bu problemlərin əksəriyyəti də demək olar həllini tapıb. Yaxşı olardı ki, iyul ayı ərzində artıq quru sərhədləri açılsın”.
Millət vəkili qeyd etdi ki, quru sərhədlərinin açılması ölkəmizdən kənarda olan Azərbaycan vətəndaşlarının vətənə rahat gəlməsinə şərait yaradacaq.
“Onların baha təyyarə biletləri alıb, ölkəmizə gəlmək imkanları yoxdur. Xəstələr müalicə üçün quru sərhədlərindən keçib getmək istəyir. Yay turizm mövsümü başlayıb və yarım milyona yaxın insanlar quru sərhədlərindən keçərək bu imkanlardan yararlana bilər. Bu da iqtisadiyyatımızın canlanmasına on minlərlə yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq. Əlavə olaraq bildirim ki, quru sərhədləri açıq olan zaman300-500 min vətəndaş xarici ölkələrə gedərək kiçik bizneslə məşğul olurdu. Bu qədər insanın qazanc əldə edə bilməsihökumətin üzərində olan yükü də azaldırdı. Söhbət, həm də, yüz minlərlə yeni iş yerindən gedir. Əgər ölkəmiz üzərində təhlükəli vəziyyət yoxdursa, vətəndaşlarımızın təhlükəsizliyini təmin edə biləriksə, bunun üçün problem yaşamırıqsaquru sərhədlərinin açılması ilə bağlı hökumət də müsbət qərar verməlidir və inanıram ki, bu yaxınlarda biz buna inşallah şahidlik edəcəyik”.
Gülbəniz Hüseynli / Metbuat.az